Ümumdünya Televiziya Günü münasibətilə Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a televiziya mediasının tarixi missiyası və bu günkü roluna dair fikirlərini bölüşüb.
Onun sözlərinə görə, televiziya yaradıldığı ilk gündən sürətli, görüntülü və etibarlı informasiya mənbəyi kimi fəaliyyət göstərib və əsas funksiyası cəmiyyətə xəbərlərin, dövlət müraciətlərinin və ictimai əhəmiyyətli məlumatların çatdırılması olub.
“Televiziyanın tarixi missiyası informasiya vermək, maarifləndirmək, təhsil etmək, milli kimliyi formalaşdırmaq və ictimai rəyə təsir göstərməkdən ibarət olub. Bu, onun ilkin funksiyasıdır. Bu missiya indiki dövrdə dəyişsə də, televiziya hələ də xüsusi rol oynamaqdadır".
Jurnalist qeyd edir ki, böhran, fövqəladə hallar və müharibə kimi kritik situasiyalarda insanlar ilk növbədə televiziya kanallarına üz tutur:
“Zəlzələ, müharibə və ya taleyüklü hadisələr zamanı ən etibarlı mənbə kimi yenə televiziya seçilir. Sosial mediada yanlış və saxta məlumatlar geniş yayıldığı üçün insanlar rəsmi və dəqiq məlumat almaq üçün televiziyaya yönəlirlər. Ciddi ictimai-siyasi proseslər – seçkilər, dövlət müraciətləri, qarşıdurmalar zamanı da televiziya cəmiyyət üçün əsas informasiya platforması olaraq qalır".
Pərvanə Fərhadqızı












