Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a açıqlamasında televiziya və sosial medianın hazırkı münasibətləri, tamaşaçı davranışı və informasiya mühitindəki dəyişikliklər barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, televiziya artıq 30 il əvvəl olduğu kimi fəaliyyət göstərmir və bu gün öz kontentini həm ənənəvi efirdə, həm də onlayn platformalarda yayır:
“Televiziyalar bu gün sosial media ilə paralel işləyir. Kontentlərini onlayn paylaşır, YouTube və TikTok üçün qısa formatlar hazırlayırlar. Artıq burada rəqabət deyil, paralel fəaliyyət var. Televiziya lider mövqelərini itirsə də, hələ də cəmiyyət üçün ən etibarlı informasiya mənbəyi olaraq qalır. Bu gün televiziyalar lider olmasalar da, ən etibarlı informasiya mənbəyi statusunu qoruyub saxlayır.”
Jurnalist tamaşaçı seqmentləri arasındakı fərqlərə də diqqət çəkib:
“Gənclər daha çox sosial mediaya yönəlir və əsasən orada informasiya alırlar. Lakin orta və yuxarı yaş qrupları, dövlət qurumları və vətəndaş cəmiyyəti televiziya vasitəsilə formalaşan ümumi təsir gücünü daha yüksək qiymətləndirir.”
Pərvanə Fərhadqızı












