12 mart tarixində vətəndaş cəmiyyəti fəalı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva BMT-in Cenevrə qərargahında BMT-in İnsan Hüquqları (OHCHR) və Ətraf mühit Proqramı (UNEP) tərəfindən keçirilən “İnsan hüquqları və ətraf mühit” adlı tədbirdə çıxış edib.

QHT.az xəbər verir ki, Pərvanə Vəliyeva bildirib ki, vətəndaş cəmiyyəti iqlimlə bağlı fəaliyyətlərdə mühüm rola malikdir və danışıqlarda əhəmiyyətli rol oynayır və qadınların iqlim danışıqlarında liderliyinin gücləndirilməsi, iqlim fəaliyyətində qərarların qəbul edilməsində onların mənalı iştirakı prioritet təşkil edir: "Azərbaycan bu ilin noyabr ayında BMT-in İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək.  Ölkədə 2024-cü il  “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilmişdir. Təmiz ətraf mühit və “Yaşıl İnkişaf” Azərbaycanın 2030 Milli Prioritetlərinin əsasını təşkil edir. COP29 Təşkilat Komitəsində qadınların 43%-nin təmsil olunması Azərbaycanın iqlim dəyişikliyində qadınların rolu və töhfəsinə verdiyi önəmdən irəli gəlir".

P.Vəliyeva tədbirin moderator - BMT-in İnsan Hüquqları üzrə ofisinin nümayəndəsi tərəfindən qaldırılmış ekoloji ədalət və insan hüquqları ilə bağlı məsələyə də münasibət bildirərək qeyd edib ki, Azərbaycan su çatışmazlığı ilə üzləşən ölkələr sırasındadır. Bu, qlobal istiləşmə nəticəsində quraqlıq və xarici təsirlərin nəticəsində suyun çirkləndirilməsi ilə baş verir. Belə ki, qonşu Ermənistan Azərbaycana axan transsərhəd çayları çirkləndirməklə bu problemi daha da dərinləşdirir. Azərbaycanın qərb və mərkəzi rayonlarında istifadə olunan içməli və suvarma suyu Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi tərəfindən güclü şəkildə çirkləndirilir. Məhz buna görə də mənim ölkəm Azərbaycan da su çatışmazlıqları ilə üzləşən ölkələr sırasındadır.

P. Vəliyeva çıxışının sonunda dünya xalqlarını təmiz, sağlam ətraf mühit və davamlı inkişaf üçün həmrəyliyin gücləndirilməsinə səsləyib.