“Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məqsədi “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi”nə dair BMT Konvensiyasını təbliğ etməkdən, mina partlayışları zamanı həlak olmuş şəxslərin ailə üzvlərinin və əlillərin fiziki reabilitasiya, psixoloji, hüquqi, iqtisadi, sosial problemlərinin həll olunmasına səylər göstərmək və bu insanların cəmiyyətə inteqrasiya olunmasına nail olmaqdan və minaların yaratdığı problemlərin aradan qaldırılması üçün araşdırmalar aparmaqdan ibarətdir”.
Bu fikiri Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, İctimai Birlik minaların yaratdığı problemlərin monitorinqini, mina problemləri ilə bağlı əhaliyə və dövlət orqanlarına məlumatların çatdırılması istiqamətində kampaniya aparır: “Təşkilatımız cəbhə bölgəsində yaşayan əhali üçün Mina Riskinin Maarifləndirilməsi Proqramları həyata keçirib. Eyni zamanda keçmiş SSRİ ərazisində ilk dəfə Azərbaycanda mina qurbanları haqqında məlumat bazası yaradıb və minadan zərərçəkənlərin ehtiyaclarının qiymətləndirilməsini həyata keçirib. Birlik keçmiş SSRİ ərazisində ilk dəfə Azərbaycanda minadan zərər çəkmiş şəxslərə kiçik biznes qurmaq üçün maliyyə vəsaiti verməyə nail olub. Mina qurbanlarına hüquqi, psixoloji yardımla bağlı 60 seminar keçirmiş və qeyd olunan tədbirlər zamanı onlara öz kiçik bizneslərini qurmağı öyrətmişdir. “Piyadalar əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” BMT Konvensiyasını (Ottava Konvensiyası) Azərbaycan dilinə tərcümə edib və nəşr etdirib, ictimai kampaniya çərçivəsində İTV-də Konvensiyanın bəzi maddələri nümayiş etdirilib”.
Təşkilatın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, ANAMA, QHT nümayəndələrinin, minadan zərərçəkənlərin və müxtəlif universitetlərdən olan tələbələrin iştirakı ilə Azərbaycanda mina problemlərindən bəhs edən bir saatlıq televiziya tok-şousu təşkil etdiyini vurğulayan QHT sədri bildirib ki, birlik MDB, Türkiyə və İran nümayəndələrinin iştirakı ilə piyadalar əleyhinə minalar və kasetli silahlar problemlərinə həsr olunmuş iki beynəlxalq seminar təşkil edib: “Təşkilatımız Azərbaycanda mina və kasetli silahlar problemi ilə bağlı 42 aylıq məlumat bülleteni hazırlayıb, 64 mətbuat konfransı keçirib, KİV-də 800-dən çox məqalə dərc edilib və müsahibələr verib”.
Qeyd edək ki, 28-29 may 1998-ci il tarixlərdə Moskva şəhərində keçmiş SSRİ ərazisində piyadalar əleyhinə mina probleminə həsr olunmuş “Minasız gələcək üçün yeni addımlar” adlı beynəlxalq konfrans keçirildi. Bu konfrans başa çatdıqdan sonra 3 iyun 1998-ci il tarixdə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi yaradıldı və elan edildi. 31 yanvar 2007-ci il tarixdə İctimai Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, qeyri-hökumət, qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.
Pərvanə Fərhadqızı












