“Bu il 30 illiyi qeyd olunan “Əsrin müqaviləsi”nə qədər ölkəmizdə bütün sahələr, birinci   Qarabağ müharibəsinin, 20 faiz torpaqlarımızın itirilməsi, qaçqın-köçkünlərin olması və s. səbəblər ölkəmizi çox çətin vəziyyətə salmışdı. Belə bir çətin vəziyyətdə seçki məntəqəsinə daxil olanda, bəsit, primitiv formada olan məntəqə seçicidə assosiativ olaraq seçkinin saxta olacağı fikrini yaradırdı. Dünya şöhrətli, dahi siyasətçi, Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunu layiqincə, uğurla davam etdirən  Prezident İlham Əliyev cənablarının fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələr Avropa standartlarına çatdırılıb, hətta onları qabaqlayıb”.

Bu sözləri QHT.az –a açıqlama verən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov bildirib. QHT sədri qeyd edib ki, artıq neçə seçkidir ki, dünya standartlarına uyğun qurulan seçki məntəqələrində yaradılan şəraitə valeh olan seçicilər tərk etmək istəmirlər, özlərini vaxtı ikən həsrətində olduqları dünyanın ən inkişaf etmiş, öncül ölkələrində olan seçki prosesində hiss edirlər: “Artıq neçə illərdir ki, seçki prosesini internet üzərindən canlı izləmək şansımız var. Ona görə də düşmən dəyirmanına su tökməyə hesablanmış feyk video çəkilişlər aparılmasına qadağa qoyulmalıdır. Həmin feyk videolar dərhal sosial şəbəkələrə yüklənilir və dərhal da Azərbaycanın əleyhinə təbliğat aparanlar tərəfindən sanki rəsmi məlumatmış kimi istifadə edilir. Çəkiliş aparmaq istəyənlər internet üzərindən hər anını, hər saniyəsini təqib etdikləri seçki prosesini canlı formada izləyə və köçürə bilərlər”.

Adil Nəsibov  həmçinin qeyd edib ki, QHT-lərin “Dəmir yumruq” koalisiyası yaradılarsa fəaliyyət göstərən hər bir QHT özünün nümayəndəsini artıq sistemli şəkildə, vahid konsepsiya əsasında  - seçki prosesində şəffaflığın pozulduğunu iddia edən şəxslərə tutarlı faktlarla izahat verilməsi prosesinə, ümumilikdə seçki prosesinə nəzarətə də cəlb edə bilər: “Yaradılacaq QHT-lərin “Dəmir yumruq” koalisiyası seçki prosesində iştirak etmək istəməyən bəzi radikal vətəndaşlar, eləcə də ilk dəfə seçki prosesinə qoşulacaq, seçki prosesində təcrübəsi olmayan vətəndaşlarla təlim xarakterli görüşlər təşkil edərsə həm seçiciləri seçkidən yayınmamağa, bir səsin belə nə qədər əhəmiyyətli olmasını izah edər, seçicilərin platformaları haqqında foto-video formatda məlumat verərək seçiciləri seçki prosesinə təşviq edə bilər. Həmin görüşlər seçki prosesinə böyük maliyə vasaiti ayrılmasını, nə qədər vaxt və zəhmət çəkildiyini izah edərək, seçkiyə qatılmamağın Dövlətimizə, eləcə də Dövlətçiliyimizə bu baxımdan vurulan zərbə olduğunu izah etmiş olar. Seçki prosesində yaradıcılığını təbliğ etdiyimiz bəstəkar Bəhram Nəsibovun “Qarabağ zəfərinin memarı”na həsr etdiyi mahnının mətni ilə səs verəcəyim namizədə uğurlar arzulayıram”.

 

 

Pərvanə Fərhadqızı