“Bu gün kimlərəsə köməklik edə biliriksə bu bizim nailiyyətimizdir. Regionlarda insanların daha çox ehtiyacı olduğunu nəzərə alaraq 2015- ci ildən Ağdamda regional ofisi açmışıq. Bu ərazidə çoxaylı fəaliyyətlər həyata keçirmişik. Yerli və Beynəlxalq donorların və daxili imkanlarımız hesabına ehtiyacı olan insanlara maddi, mənəvi dəstək olmağa çalışmışıq”.
Bu fikri “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov QHT.az-a açıqlamasında bildirib. Təşkilatın vətəndaş cəmiyyətinin inkişafında öz töhfəsini verdiyini bildirən QHT sədri regional ofisdə yeni yaranan təşkilatların inkişafı üçün şəraitin yaradıldığını, apardığı maarifləndirmə işlərinin sosial problərin həllində rolunun böyüklüyünü də qeyd edib: “Maliyyə olub olmamağından asılı olmayaraq daimi fəaliyyətdəyik. Sağlam həyat tərzinin təbliği, erkən nigah, icma səfərbərliyi və digər mövzularla bağlı minlərlə yeniyetmə gənc arasında maarifləndirmə işi aparılıb”.
Qeyd edək ki, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi sosial problemlərinin- erkən nigah, narkomaniya, məişət zorakılığı, kiber zorakılıq və s.həlli istiqamətində fəaliyyət göstərir. Təşkilatımız 25 ildən artıq müddətdir fəaliyyət göstərir. Bu müddət ərzində çoxsaylı layihələr həyata keçirmişik. Bütün layihələrdə məqsəd əhalinin həssas qrupdan olan hissəsinə sosial və hümanitar sahədə köməklik göstərməkdən ibarətdir. Birliyin məqsədi sosial problemlərin həllinə kömək etməkdən ibarətdir. Nizamnamə üzrə fəaliyyət istiqamətləri sosial problemlərin həllinə yardım edən proqramların həyata keçirilməsində iştirak etmək, sosial sahədə elmi-tədqiqat işlərinin aparılması, ölkə və ölkə xaricində müvafiq layihələrin hazırlanması və tətbiq olunmasına kömək edilməsi, Sosial Problemlərin həlli sahəsində maarifçilik fəaliyyətinin aparılması, məşğulluq probleminin həllinə kömək edilməsindən ibarətdir. Həmçinin xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və təbliği, əhalinin aztəminatlı hissəsinə və kimsəsizlərə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə yardım göstərilməsi, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi kimi işlər aparırlar.
Pərvanə Fərhadqızı












