2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov pensiyaların əməkhaqqı artımı ilə əlaqədar sosial müdafiə strategiyalarının inkişafı və həmin strategiyaların təsiri haqqında QHT.az- a açıqlama verib. Onun sözlərinə görə, pensiya artımında ölkə üzrə orta əmək haqqı artımına əsaslanan indeksasiya sisteminin tətbiqi son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiyaçıların sosial müdafiə sisteminin təkmilləşdirilməsi ilə bağlı təklif etdiyi strategiyanın təzahürüdür.
Bu yanaşmanı müsbət dəyərləndirən QHT sədri bunun mütərəqqi yanaşma olduğunu da vurğulayıb: “Reallıqda əmək bazarında əmək haqqı ilə uyğunlaşan bir yanaşmadır. İnflyasiyanın ölçülməsi ilə bağlı bir sıra problemlərin olmasını nəzərə aldıqda bu yanaşmanın daha effektiv olması inflyasiya ilə uyğunlaşdırma ilə münasibətdə açıq –aşkar görünür. Biz ədalətli sosial müdafiə sistemindən danışırıqsa, onda hazırda əmək bazarında olan həm vətəndaşlarımızın, həm pensiyaçılarımızın sosial müdafiəsi ilə bağlı bir ədalətli sistem tətbiq edilməlidir. Düşünürəm ki, məhz əmək haqqı artımına pensiya artımının uyğunlaşdırılmasını effektiv, adekvat, mütərəqqi yanaşma kimi hesab etməliyik. Bu yanaşmanın tətbiqi bir tərəfdən sosial ədalət prinsiplərinə söykənir, digər tərəfdən isə pensiyaçıların sosial müdafiəsinin daha da güclənməsinə şərait yaradır. Çünki inflyasiya ilə uyğunlaşdırılması şərti ilə pensiya artımı reallaşdırılarsa burada pensiyaçıların sosial müdafiəsi nöqteyi- nəzərdən daha zəif mexanizmlərin dövlət tərəfindən tətbiq edilməsinin şahidi olardıq”.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu 10.8 faiz pensiyalarda artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11.2 faiz artdığını bəyan edib. 2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq.
Pərvanə Fərhadqızı












