Təşkilat qeyd edib ki, hazırda 150 ölkə tütün istehlakını uğurla azaldır, lakin altı ölkə bu vəzifənin öhdəsindən gələ bilmir.

QHT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, son illər dünyada siqaret çəkənlərin sayı durmadan azalır. Belə ki, ÜST-ün məlumatına görə, əgər 2000-ci ildə planetdə hər üçüncü yetkin insan siqaret çəkirdisə, 2020-ci ildə bu, yalnız hər beşincidir,  hesabatda deyilir.  ÜST əlavə edib ki, hazırda 150 ölkə tütün istehlakını uğurla azaldır, altı ölkə isə hələ də istehlak artımını yaşayır: Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova.

Təşkilat qeyd edib ki, dünyada 1,25 milyarddan çox böyüklər hələ də siqaret çəkir. ÜST ekspertləri xəbərdarlıq ediblər ki, əksər ölkələrdə siqaret çəkənlərin sayı azalsa da, tütündən ölüm halları uzun müddət yüksək olaraq qalacaq. Təşkilatın statistikasına görə, hazırda tütün hər il 8 milyondan çox insanın, o cümlədən 1,3 milyonu passiv siqaret çəkənlərin ölümünə səbəb olur.

Hazırda ÜST-nin məlumatına görə, ən çox tütün məmulatı Cənub-Şərqi Asiyada (əhalinin 26,5%-i) istehlak edilir, Avropa qitəsi isə ikinci yerdədir (25,3%). Eyni zamanda, ÜST-nin proqnozuna görə, 2030-cu ilə qədər Avropa siqaret çəkmək üzrə dünya lideri ola bilər. Avropada qadınlar arasında tütün istehlakı qlobal orta göstəricidən iki dəfə çoxdur və digər ölkələrə nisbətən daha yavaş azalır.

 

Pərvanə Fərhadqızı