"Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında qış mövsümü öncəsi odun tədarükü ilə bağlı vacib məqamlara diqqət çəkib.
Onun sözlərinə görə, bəzi bölgələrdə yanacaq çatışmazlığı səbəbindən əhali meşələrdən odun əldə etmək məcburiyyətində qalır.
“Bu prosesi düzgün tənzimləmək vacibdir. Yerli icra nümayəndələri və bələdiyyələr ehtiyacı olan ailələri müəyyənləşdirib, odun tədarükünə nəzarət etməlidirlər. Qırmaya aid olan ağaclar yalnız bioloji inkişafdan qalmış, qurumuş və yıxılmış ağaclardan ibarət olmalı, bu seçim mütəxəssislər tərəfindən aparılmalıdır. Ağaclar əvvəlcədən nömrələnib kəsilməsinə rəy verildikdən sonra proses həyata keçirilməlidir,” — deyə İradə Həsənova bildirib.
O qeyd edib ki, qışa hazırlıq yay aylarından başlamalıdır və ətraf mühitə zərər vurmadan həm ekologiyanın qorunması, həm də əhalinin yanacaq təminatının təmin edilməsi əsas hədəf olmalıdır.
Birlik sədri əlavə edib ki, Azərbaycanda davamlı ekoloji siyasətin formalaşdırılması, yaşıllığın qorunması və artırılması, bölgələrin təmiz su ilə təmin edilməsi və müasir ekoloji infrastrukturun yaradılması bu sahədə bir çox ölkələrə, xüsusən də MDB dövlətlərinə nümunədir. Bununla yanaşı, iri şəhərlərdə tullantıların idarə olunması, icra strukturlarının dövlət göstərişlərinə əməl etməsi və əhalinin ekoloji maarifləndirilməsi prioritet olaraq qalır.
Pərvanə Fərhadqızı












