"Qlobal siyasətdə güc balansları və münasibətlər haqqında nə düşünürsünüz?"
Sualına cavab olaraq Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az- a açıqlamasında bildirib ki, bu önəmli məsələdir: "Balans olmadığı halda, məsələn əvvəl Amerika və SSRİ var idi. İndi SSRİ əvəzinə Rusiya var. Rusiya o balansı doldura bilmir, Amerika tək güc kimi mövcud olarsa bu bütün dünya üçün təhlükələr gətirəcək məqamdır. Müsbət bir haldır ki, Amerika tək güc kimi çıxış edə bilmir. Çin qlobal güc kimi formalaşır, sürətlə inkişaf edir. Müxtəlif güc mərkəzlərinin olması önəmlidir".
Siyasi şərhçi həmçinin bildirib ki, hal-hazırda dünyamız balanslı siyasətin olmamasından əziyyət çəkir: "Müharibələr, qırğınlar, terror və s. çoxsaylı problemlər bəşəriyyəti çox ciddi narahat edir. Geosiyasi güc mərkəzləri Amerika, Avropa, Çin, müəyyən qədər Rusiyadır. Çox arzulayardıq ki, Türk dövlətləri təşkilatları da qlobal güc kimi, balans siyasətini tənzimləyən quruplardan biri kimi meydana çıxsın. Bu zaman Türkün ədaləti qlobal məsələlərə təsir edəcək. Siyasətdə nə qədər çoxtərəfli güclər olacaqsa, Amerikanın tək hakimiyyətliliyi olmayacaqsa cəmiyyət, bəşəriyyət üçün faydalı olacaq".
Pərvanə Fərhadqızı












