Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü külək nəticəsində tozlu hava şəraiti yaranıb. Ekoloq Qorxmaz İbrahimli QHT.az-a açıqlamasında bildirib ki, bu hadisə əsasən lokal xarakter daşıyır və bölgənin ekoloji vəziyyəti ilə bağlıdır.

Onun sözlərinə görə, hazırda müşahidə edilən toz kütləsi xarici mənbələrdən deyil, əsasən Bakı və Abşeron ərazisində formalaşır. Ekoloq qeyd edib ki, bəzi hallarda atmosfer axınları vasitəsilə toz kütlələri uzaq ərazilərdən – məsələn, Ərəbistan səhrasından və ya Mərkəzi Asiyadan gələ bilər. Lakin bu dəfəki vəziyyət yerli amillərlə əlaqədardır.

Q. İbrahimli bildirib ki, Abşeron yarımadasında yaşıllıq sahələrinin azlığı, daş mədənlərinin fəaliyyəti, tikinti işləri və quru iqlim tozlanmanı artıran əsas səbəblərdir. Onun sözlərinə görə, Badamdar, Qaradağ, Güzdək və digər ərazilərdə yerləşən daş mədənləri, eləcə də tikinti meydançalarından qalxan toz güclü şimal küləyi ilə şəhərə yayılır.

Ekoloq əlavə edib ki, uzun müddətdir yağıntının olmaması torpaq və qum qatının həddindən artıq qurumasına səbəb olub. Güclü külək isə bu hissəcikləri havaya qaldıraraq yaşayış məntəqələrinə, nəqliyyat vasitələrinə və yaşayış binalarına qədər daşıyır.

Q. İbrahimlinin sözlərinə görə, tozlu hava insan sağlamlığı üçün ciddi risk yaradır. Toz hissəcikləri tənəffüs yollarına, bronxlara, gözlərə və digər orqanlara mənfi təsir göstərir. Bundan əlavə, tozla birlikdə müxtəlif bakteriya və mikroorqanizmlər də insan orqanizminə daxil ola bilər.

Ekoloq problemin həlli üçün yaşıllaşdırma işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə daş mədənlərinin yerləşdiyi ərazilərdə mühafizə xarakterli yaşıllıq zolaqları salınarsa, güclü küləklər zamanı tozun yayılması əhəmiyyətli dərəcədə azala bilər. Onun fikrincə, yaşıllıqların qorunması və tikinti işləri zamanı ekoloji tələblərə ciddi əməl olunması bu cür halların qarşısının alınmasında mühüm rol oynayacaq.