Televizor qarşısında saatlarla vaxt keçirməyin beyin sağlamlığına mənfi təsir göstərə biləcəyi yeni elmi araşdırma ilə təsdiqlənib. Alimlər müəyyən ediblər ki, xüsusilə orta yaş dövründə uzun müddət televiziya izləmək beyin həcminin azalması və idrak funksiyalarının zəifləməsi ilə əlaqələndirilə bilər.

QHT.az xəbər verir ki, “Alzheimer’s & Dementia” jurnalında dərc olunan araşdırmada 24 il ərzində 1700-dən çox yetkin insanın sağlamlıq göstəriciləri izlənilib. Tədqiqatın nəticələrinə əsasən, uzun müddət televiziya qarşısında vaxt keçirən şəxslərdə, xüsusilə kişilərdə, Alzheimer xəstəliyinə həssas olan beyin nahiyələrində həcmin azalması müşahidə edilib.

Araşdırma göstərib ki, oturaq həyat tərzi təkbaşına əsas risk amili deyil. Günün böyük hissəsini oturaraq keçirsələr də, bu vaxtı kitab oxumaq, yazmaq, tapmaca həll etmək, elektron məktublara cavab vermək və ya digər zehni fəaliyyətlərlə məşğul olmaq üçün istifadə edən insanların beyin quruluşu daha sağlam qalıb.

Tədqiqatçılar televiziya izləməyin passiv zehni fəaliyyət olduğunu, buna qarşılıq oxumaq, planlaşdırmaq, problem həll etmək və digər intellektual məşğuliyyətlərin beynin “idrak ehtiyatı”nı artıraraq yaşlanmanın mənfi təsirlərinə qarşı qoruyucu rol oynadığını bildirirlər.

Alimlərin diqqət çəkdiyi məqamlardan biri də gender fərqi olub. Məlumata görə, televiziya izləmə ilə beyin strukturunda baş verən dəyişikliklər arasındakı əlaqə kişilərdə qadınlara nisbətən daha güclü müşahidə edilib. Mütəxəssislər bunu qadınların televiziya izləyərkən daha tez-tez fasilə verməsi və bioloji fərqlərlə izah edirlər.

Mütəxəssislər beyin sağlamlığını qorumaq üçün uzun müddət ekran qarşısında qalan şəxslərə mütəmadi fasilələr verməyi, fiziki aktivliyi artırmağı və boş vaxtlarını zehni fəaliyyəti stimullaşdıran məşğuliyyətlərə ayırmağı tövsiyə edirlər.