Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi istehlakçılara qida təhlükəsizliyi ilə bağlı geniş yayılmış yanlış təsəvvürlər barədə xəbərdarlıq edib.
QHT.az xəbər verir ki, qurumun tövsiyələrinə əsasən, plastik qabların üzərində “qida ilə təmasa uyğundur” ifadəsi və ya qida istifadəsini göstərən müvafiq simvolun olması vacibdir. Çatlamış, deformasiyaya uğramış və ya zədələnmiş plastik qabların istifadəsi isə sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislər bildirirlər ki, hazır qablaşdırılmış yumurtalar yuyulmamalıdır. Yumurtalar öz orijinal qablaşdırmasında və ya qida ilə təmasa uyğun qapaqlı qabda, soyuducuda saxlanılmalıdır. Yumurtanın yuyulması onun təbii qoruyucu təbəqəsini zədələyərək bakteriyaların içəri keçmə riskini artıra bilər.
Qurum həmçinin açıq şəkildə satılan və ev şəraitində qaynadılan südün istehlakından çəkinməyi tövsiyə edir. Bildirilir ki, bu cür süd məhsulları xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün ciddi sağlamlıq riski yarada bilər.
Mütəxəssislər istehlakçılara qida məhsullarının saxlanılması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət etməyi, yalnız etibarlı və nəzarətdən keçmiş məhsullara üstünlük verməyi tövsiyə edirlər.












