Bildiyimiz kimi, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıb. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

QHT.az xəbər verir ki, XIN-dən bildirilib ki, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Məsələyə münasibətini bildirən, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli qeyd edir ki, “ənənəvi və sosial mediada yayılmış foto və videokadrlardan görünür ki, diplomatik nümayəndəliyə edilən hücumun sonlarında radikal şəxslər polislər gələnədək səfirlik binasına zərər vurulması ilə yanaşı qruplaşma üzvləri öz nifrət şüarlarını səsləndirirlər. Təsadüfi deyil ki, Azərbaycan səfirliyinə qarşı törədilən hücumla bağlı rəsmi Bakı Beyruta etiraz notası verib”.

Məsələnin beynəlxalq hüquqi aspektlərinə toxunan QHT sədri qeyd edib ki, 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəlik təmsil etdiyi dövlətin bayraq və rəmzlərindən nümayəndəlik binalarında, həmçinin nəqliyyat vasitələrində istifadə etmək hüququna malikdir: "Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Sözügedən hücumla bağlı araşdırma aparılmalı, Azərbaycan Respublikasının Livandakı səfirliyinə təşkil edilən hücum və eyni zamanda bu qeyri-qanuni aksiyanın lazımi və çevik səviyyədə qarşısının alınmaması, Vyana Konvensiyasında nəzərdə tutulan öhdəliklərin qeyri-qənaətbəxş səviyyədə yerinə yetirilməsi məsələsi araşdırılmalıdır”.

 

Pərvanə Fərhadqızı