Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanununu təsdiqləyib. Prezidentin bu Qanunu təsdiq etməsinin əsas məqsədi və nəticəsi nə olacaq? Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq iqtisadi sahədə hansı dəyişikliklər gözlənilir və bu dəyişikliklər hansı sektorları əhatə edir?

QHT.az bu sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədova ünvanlayıb. QHT sədrinin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitinin formalaşması, antiinhisar siyasətinin effektiv şəkildə həyata keçirilməsi qiymətlərin optimallaşmasına, sabitləşməsinə təsir göstərən mühüm amillərdən biridir: “Biz təbii ki belə olan halda Rəqabət Məcəlləsinin qəbul edilməsini müsbət dəyərləndirməliyik. Rəqabət Məcəlləsinin qəbul edilməsindən sonra aidiyyəti dövlət qurumlarının bu istiqamət üzrə fəaliyyəti xeyli dərəcədə qiymətlərin sabitliyini və optimallaşmasını şərtləndirəcək. Ona görə Rəqabət Məcəlləsinin tətbiqi amili rəqabət mühitinin formalaşması olduqca önəmlidir”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək, bundan sonra üç qanun ləğv ediləcək. Bunlar “Antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart tarixli 526 nömrəli qanun, “Haqsız rəqabət haqqında” 1995-ci il 2 iyun tarixli 1049 nömrəli qanun, “Təbii inhisarlar haqqında” 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli qanundur.

 

Pərvanə Fərhadqızı