2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq 2 milyon 85 min nəfər olub. Ölkəyə gələn turistlərin mənşə coğrafiyasında da dəyişiklik qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə Çindən gələnlərin sayı 6,5, Cənubi Koreyadan 3,3, Türkmənistandan 2,3, Hindistandan və Qazaxıstandan ayrı-ayrılıqda 1,9 dəfə artıb. Bu isə ondan xəbər verir ki, Asiya ölkələrində Azərbaycan turizminə maraq yüksəlib.

Bəs bu statistik məlumatlar ölkə iqtisadiyyatına necə təsir edir? Turizm sektorunun daha da inkişafı üçün hansı tədbirlər və siyasətlər təklif olunur?

QHT.az bu sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədova ünvanlayıb. QHT sədrinin sözlərinə görə, turizm infrasrukturunun inkişafı ilə bağlı dövlət tərəfindən müvafiq səylər göstərilməkdədir və son illər bununla bağlı qərarlar qəbul olunub: “Bunlar turizm sektorunun inkişafına təkan verməkdədir. Bununla yanaşı dünya iqtisadiyyatında baş verən proseslərin də təsirləri aşkar görünür. Əsas iqtisadi inkişaf mərkəzinin Asiyaya doğru çevrilməsi və Asiyadakı işgüzar fəallığın artması, Asiyadan digər istiqamətlərə turistlərin sayına təkan vermiş olur”.

Azərbaycanda turizm sektorunun inkişafından da danışan Elşad Məmmədov qeyd edib ki, Asiya dövlətlərindən ölkəmizə gələn turist axınlarının həcmində artım var. Ənənəvi olaraq əsas turist axınlarının Rusiya Federasiyasından, digər postsovet ölkələrindən gəlməkdə olduğunu vurğulayan QHT sədri ölkəmizdə turizm sektorunun inkişafı müvafiq tələblərə uyğun artımla müşahidə edilsin deyə müvafiq səylər göstərməli olduğunu da bildirib: “Turizm sektorunun inkişafına özəl, daxili investisiyalar cəlb olunmalıdır. Bunun üçün də ölkəmizin bank sektoru sferasının inkişafı ilə bağlı olan istiqamətlərə yumşaq kreditlərin verilməsinə şərait yaratmalıdır ki, turizmin inkişafı məhz investisiya artımı hesabına dayanıqlı məzmun alsın. Çünki iqtisadiyyatın hər bir sahəsinin inkişafı, investisiya artımı ilə bağlıdır, bu da bilavasitə bank sektorunun effektiv fəaliyyətindən asılı olacaq. Ona görə də sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var ki, turizm sferasındakı inkişaf dayanıqlı olsun və qeyri-neft, qeyri- xammal sektorunun inkişafında turizm öz rolunu oynamış olsun”.

 

 

Pərvanə Fərhadqızı