Rusiya tərəfi Türkmənistanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə sazişə qoşulması barədə razılığa gəlib. Müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
QHT.az xəbər verir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə Türkmənistanın sazişə qoşulmasına razılıq verməsi barədə İranı xəbərdar etmək tapşırılıb. Aşqabadın özü də layihənin iştirakçısı olmaq planlarını açıqlayıb. Türkmənistan coğrafi mövqeyinə görə qlobal təchizat zəncirlərinin inkişafında mühüm rol oynayır.
Şimal-Cənub multimodal nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların siyahısı 14-ə qədər genişlənib. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisindən keçməklə Avropaya yük axınlarının tranzitini cəlb etməkdir. Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə məsafə iki dəfədən çox azalıb, bu da nəqliyyatın vaxtını və xərclərini azaldır. İndi layihə ayrı-ayrı dövlətlərin bir neçə müxtəlif nəqliyyat sistemlərini birləşdirir.
Pərvanə Fərhadqızı












