Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
“Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu Vətən müharibəsinin ilk günlərində xalqımızın yaşadığı qürur və sevinc hisslərini, Azərbaycan Ordusunun yüksək döyüş ruhunu və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini xatırlayıb.
O, həmin günləri belə ifadə edib:
“Bütün xalqımız ayaqda idi. Xalqın hamısı sevinirdi. Çünki 30 ildə torpaqlarımız işğal altında idi. Hamı torpaqlarımızın azad olunmasını, düşmənə cavab verilməsini gözləyirdi və xalqımız da əmin idi ki, biz torpaqlarımızı azad edəcəyik.
Həmin günü belə xatırlayıram ki, biz yol boyu gələndə hərbi maşın karvanları keçirdi. Xalq sevgi və coşqu ilə cəbhəyə gedən əsgərləri, döyüşçüləri yola salır, qarşılayırdı. Çox möhtəşəm hisslər idi. Hərbi hissələrdə əsgər və zabitlərin ruhu çox yüksək səviyyədə idi.
İnanın, elə bir əsgər, zabit yox idi ki, qələbəyə şübhə etsin. Xalqımızın içində də qələbəmizə inanmayan yox idi. Böyük, şərəfli günlər yaşadıq. Mən hərdən o günləri xatırlayıram. Həmin günlərdə insanın ürəyi qürurla, fərəhlə döyünür. Çünki əsas hədəf torpaqlarımızı azad etmək idi. Xalqın birliyini, həmrəyliyini görmək də çox xoş idi.
Bu gün işğaldan azad olunmuş əraziləri ziyarət edəndə, oraya baş çəkəndə yenə qürur duyuram. Çünki çox böyük quruculuq işləri gedir. Qarabağ başdan-başa yenidən qurulur. Mən Ağdam şəhərinə tez-tez gedib-gəlirəm, demək olar ki, ağlımın bir tərəfi Ağdamdadır. Adamın ürəyi fərəhlə döyünür.
Necə ki, 44 günlük müharibədə qələbəmizə sevinirdik, bu gün də Qarabağın başdan-başa yenidən qurulmasına, gözəl binaların, komplekslərin tikilməsinə sevinirik, ürəyimiz açılır. Xalqımız, köçkünlərimiz böyük sevinc və yüksək ruhla işğaldan azad olunmuş ərazilərdə tikilən evlərə köçürlər”.












