Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyev Vətən müharibəsinin yeddinci günü — 3 oktyabrla bağlı xatirələrini bölüşür.
Taleh Əliyev həmin gün Azərbaycan Ordusunun qazandığı tarixi qələbələrdən danışaraq bildirib:
“3 oktyabr tarixində cəbhənin şimal istiqamətində Suqovuşan və Talış kəndi düşmən işğalından azad olundu və bununla da Azərbaycanın qələbələr silsiləsi başladı. Ardınca 4 oktyabrda Cəbrayıl, sonrakı tarixlərdə Füzuli, Zəngilan azad edildi və beləliklə, 8 noyabra qədər tarixi Zəfərimizin şanlı səhifələri bir-birinin ardınca yazılmağa başladı.
3 oktyabr bizim hərbi hissənin yerləşdiyi istiqamətdə əldə edilən ilk böyük zəfər Suqovuşanın işğaldan azad olunması oldu. Həmin gün axşam Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin bu xəbəri Azərbaycan xalqına müjdə verməsi ordumuzun şəxsi heyətinin mənəvi ruhunu kifayət qədər yüksəltdi.
O gündən sonra bütün ordu hər gün, hər axşam cənab Ali Baş Komandanın Azərbaycan xalqına növbəti qələbə müjdəsini verməsi üçün daha da səfərbər oldu və bu müharibədə daha böyük qətiyyət və əzmkarlıqla irəlilədi.
Mən bu fürsətdən istifadə edərək şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, yaralı qazilərimizə şəfa arzulayır, müzəffər ordumuza daim yeni-yeni qələbələr və uğurlar diləyirəm”.












