ABŞ-də aparılan araşdırma zoğal şirəsinin diş ərpinin yaranmasına səbəb olan bakteriyaların çoxalmasını azalda biləcəyini üzə çıxarıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, İllinoys Universitetinin tədqiqatçıları zoğal şirəsinin ağız və diş sağlamlığına təsirini araşdırıblar. Tədqiqatda 8 yetkin və 14 uşaq olmaqla, ümumilikdə 22 nəfər iştirak edib.

İştirakçılara müxtəlif günlərdə saf zoğal şirəsi, tərkibində 27 faiz zoğal şirəsi olan şirinləşdirilmiş içki və su verilib.

Nəticələr saf zoğal şirəsi qəbul edən yetkinlərdə diş ərpindəki bakteriyaların çoxalmasının 44 faiz, uşaqlarda isə 33 faiz azaldığını göstərib. Bundan əlavə, zoğal şirəsinin diş ərpində turşu istehsalını da əhəmiyyətli dərəcədə azaltdığı müəyyən edilib.

Şirinləşdirilmiş içkidə eyni təsir müşahidə olunmayıb

Araşdırma zamanı şirinləşdirilmiş zoğal içkisinin bakteriyaların çoxalmasını azaltmaq baxımından eyni təsiri göstərmədiyi məlum olub.

Alimlər zoğalın tərkibindəki proantosianidin adlı birləşmələrin diş çürüməsinə səbəb olan bakteriyaların çoxalmasını zəiflədə biləcəyini bildiriblər.

Əlavə araşdırmalara ehtiyac var

Tədqiqatçılar zoğal şirəsinin diş çürüməsinin qarşısını alıb-almadığının hələ dəqiq bilinmədiyini vurğulayıblar. İştirakçıların sayının az olması səbəbindən nəticələrin daha genişmiqyaslı araşdırmalarla təsdiqlənməsi vacib hesab olunur.

Tədqiqatın nəticələri Scientific Reports elmi jurnalında dərc olunub.