Səbəb attraksion əməkdaşlarının bir neçə gün, hətta həftələrlə davam edə biləcək tətilidir.
QHT.az xəbər verir ki, Fransanın paytaxtı Parisin ən məşhur attraksionlarından biri olan məşhur Eyfel qülləsi artıq ikinci gündür ki, ziyarətçilər üçün bağlıdır. Parisin mərkəzindəki 330 metrlik abidə 19 fevral 2024-cü il bazar ertəsi günü Eyfel qülləsi işçilərinin bilet gəlirlərinə nisbətdə əmək haqqının artırılması və 135 illik binanın təmirinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri tətilə görə fəaliyyətini dayandırıb. Daha sonra çoxlu sayda Eyfel qülləsi işçilərini təmsil edən CGT həmkarlar ittifaqının üzvləri tətilin uzadılmasına səs veriblər.
Yaxın vaxtlarda Eyfel qülləsini ziyarət etməyi planlaşdıran turistlərə tura çıxmazdan əvvəl abidənin rəsmi internet səhifəsini yoxlamaları tövsiyə olunur. Elektron bilet sahiblərinə yenilənmiş məlumatlarla elektron məktublar göndəriləcək.
Qeyd edək ki, Eyfel qülləsi adətən ildə 365 gün açıqdır, lakin bu, tətillər səbəbindən onun iki ay ərzində ikinci bağlanmasıdır.
Pərvanə Fərhadqızı












