Bu gün Bakıda, “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışı keçirilib.
QHT.az xəbər verir ki, Forum çərçivəsində iştirakçı qurumların gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib ki, türk dövlətlərinin QHT-ləri ilə sosial müdafiə, təhsil, qadın liderliyi, gənclər siyasəti və inklüzivlik sahələrində ortaq proqramların hazırlanması əsas prioritetlərdəndir:
"QHT-lər arasında daha sıx əlaqələrin qurulması üçün vahid əməkdaşlıq platformasının yaradılması, mütəmadi görüşlərin təşkili, həmçinin türk xalqlarının ortaq dəyərlərini əks etdirən mədəni tədbirlər, festivallar və sosial kampaniyaların həyata keçirilməsi təşəbbüsləri də forumda xüsusi diqqət mərkəzində olub".
Qeyd edək ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasını təmsil edən 500-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.












