“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli türkdilli dövlətlərin və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə keçirilən Türk Dövlətləri Qeyri-Hökumət Təşkilatlarının Həmrəylik Forumu haqqında fikirlərini bölüşüb.

QHT sədri tədbiri yüksək dəyərləndirərək, türk dövlətləri QHT-ləri arasında əməkdaşlığın genişlənməsinin böyük perspektivlər açacağını bildirib.

"Forum ölkələr arasında vətəndaş cəmiyyəti xətti ilə inteqrasiyanın güclənməsinə ciddi təkan verəcək. Bu cür forumlar türk dövlətlərinin QHT-ləri arasında sıx əlaqələrin qurulmasına, birgə layihələrin həyata keçirilməsinə və beynəlxalq platformalarda türkçülük ideyası naminə daha fəal iştirakımızın təmin edilməsinə şərait yaradır. Sabah Naxçıvanda təməli qoyulacaq Türk Dövlətləri QHT-lərinin Təsis Platforması regional əməkdaşlıq baxımından mühüm addımdır. Bu platformanın yaradılması çox müsbət hadisədir. Düşünürəm ki, bunun ardınca üçüncü addım kimi türk dövlətləri QHT-lərinin birgə layihələrini maliyyələşdirəcək xüsusi bir fondun təşkili mümkün ola bilər.”

Onun sözlərinə görə, Avropa Birliyi modelinə bənzər belə bir mexanizmin tətbiqi türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları üçün yeni imkanlar yaradacaq:

“Əgər bu fond təsis olunarsa, həm işlərin miqyası, həm əhəmiyyəti, həm də keyfiyyəti daha da artacaq. Bu, türk dövlətlərinin QHT-ləri arasında davamlı tərəfdaşlıq üçün çox ciddi potensial vəd edir. Forumun nəticələri gələcəkdə regional əməkdaşlıq, birgə təşəbbüslər və institusional inkişaf sahələrində mühüm rol oynayacaq".

 

Pərvanə Fərhadqızı