Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra innovativ təşəbbüslər təqdim edilib.

QHT.az xəbər verir ki, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) bildirib ki, forum zamanı QHT-lər arasında həm regional, həm də türk dünyası miqyasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş yeni model və yanaşmalar müzakirə olunub. Onun sözlərinə görə, diqqət çəkən təkliflər arasında “Turan Birliyi çərçivəsində QHT əməkdaşlığı” ideyasının xüsusi vurğulanması, ortaq fəaliyyətin genişləndirilməsi və koordinasiyalı təşəbbüslərin artırılması yer alıb.

"Forum çərçivəsində formalaşan bu yeni yanaşmalar türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında daha dayanıqlı əməkdaşlıq platformasının qurulmasına mühüm töhfə verəcək".