Bu gün İsmayıllıda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Üçbucaq” - “milli tərbiyə modeli”nin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim- uşaq əməkdaşlığının rolu adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib.
QHT.az xəbər verir ki, müxtəlif ailə nümayəndələrinin, valideynlərin, müəllimlərin, uşaqların iştirak etdiyi tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzin rəhbəri Lətifə Əliyeva mövzunun aktuallığı haqqında fikirlərini bildirib. O, AVMA-nın ailələrin, valideynlərin maarifləndirilməsi üzrə artıq bir neçə uğurlu layihəsinin həyata keçdiyini vurğulayıb. İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Faxdiyev təqdim olunan mövzunun dövrümüz üçün ən aktual problemlərdən biri olduğunu və tərbiyə məsələsində canlı ünsiyyətin mühüm rol oynadığını qeyd etdi.
Layihənin rəhbəri, AVMA İB icraçı direktoru Şahin Rəcəbov milli tərbiyə modelinin qurulması, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış edib, valideynlərin suallarını cavablandırıb: “Əvvəllər yaşlı nəsildən milli mənəvi dəyərlər, adət-ənənələr gənc nəsilə ötürülür və ailələrin dayanıqlığı təmin olunurdu. Lakin indi müasir gənc ailələrdə gənc valideynlər uşaqları necə tərbiyə etmək lazım olduğunu bilmirlər, bunun üçün bir ortaq tərbiyə nümunəsi, modeli qurulmayıb, tərbiyə haqqında Qanun yoxdur. Təlim-tədrisdə təlimə üstünlük verilir, tərbiyə arxa planda qalır. Bu istiqamətdə ciddi tədqiqatlara, dövlət proqramına, qanunvericilik təşəbbüslərinə ehtiyac vardır”.
Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparılıb. İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin əksəriyyətinin ailədən qaynaqlandığını və bunun birbaşa tərbiyə məsələləri ilə bağlı olduğunu vurğulayıblar.
Layihənin məqsədi ölkəmizdə “milli tərbiyə modelininin” formalaşdırılması istiqamətində təşəbbüs irəli sürmək, bunun üçün ailə dəyərlərinin təbliği və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunun artırılmasına dair valideynlərlə maarifləndirməni həyata keçirmək, bu sahədə əməkdaşlığı və məsuliyyəti artırmaqdır.
Layihə çərçivəsində 4 ay müddətində 9 rayonda - Mingəçevir, Qəbələ, İsmayıllı, Neftçala, Masallı, Lerik, Lənkəran, Astara, Quba rayonlarını əhatə etməklə “milli tərbiyə modeli”ni formalaşdırılması üçün ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolunu artırmaq mövzusunda yerli sakinlərlə, valideynlərlə maarifləndirmə görüşlərinin təşkili, görüşlərdən çəkilən materiallarından ibarət video roliklərin hazırlanması nəzərdə tutulub. Layihə üzrə növbəti tədbir Qəbələdə həyata keçiriləcəkdir.
Pərvanə Fərhadqızı












