ABŞ Federal Ticarət Komissiyası (FTC) və 22 ABŞ ştatı Amazon-a qarşı məhkəməyə müraciət edib. Şirkət reklamverənlərdən gizli şəkildə daha yüksək ödəniş tələb etməkdə və bununla onlara ən azı 20 milyard dollar zərər vurmaqda ittiham olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, FTC-nin iddiasına görə, Amazon 2019-cu ildən reklam hərraclarının qaydalarını dəyişərək reklamların yerləşdirilməsi üçün minimum qiymətləri artırıb. Qurum həmçinin Amazon-un bəzi hərraclara özü müdaxilə etdiyini və bunun reklamverənlərin ödədiyi məbləği yüksəltdiyini bildirir. Sponsorlu məhsul reklamları üzrə hərracların 80 faizinə qədərində belə müdaxilənin olduğu qeyd edilir.
Amazon isə ittihamları rədd edib. Şirkət bildirib ki, 2019-2024-cü illərdə reklamverənlərin bir klik üçün ödədiyi orta qiymət dəyişməyib. Amazon həmçinin 2021-2025-ci illərdə reklamverənlərə təxminən 8 milyard dollar qənaət etdiyini açıqlayıb.
Hazırda dünyanın üçüncü ən böyük rəqəmsal reklam şirkəti olan Amazon-un reklam gəlirləri 2026-cı ilin ikinci rübündə 26 faiz artaraq 19,8 milyard dollara çatıb. Məhkəmə xəbəri fonunda şirkətin səhmləri təxminən 2,5 faiz ucuzlaşıb.












