"Torpaqlarımız Müzəffər Ordumuz və Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edildikdən sonra ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. Qarabağın bütün ərazisində insanların doğma yurdlarına qayıtması üçün böyük tikinti işləri həyata keçirilir və bu proses bu gün də davam edir".

Bu fikirləri Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin (AMZA) sədri Rey Kərimoğlu QHT.az-a açıqlamasında bildirib.

Rey Kərimoğlu bildirib ki, Ağdam şəhərində genişmiqyaslı tikinti işləri aparılır:

"Ağdam şəhərində görülən işləri saymaqla bitirmək mümkün deyil. Burada çox böyük və möhtəşəm tikinti işləri aparılır. Ötən ildən etibarən Ağdama köç prosesi də davam edir. Artıq 931 ailə, ümumilikdə isə bu gün köçənlərlə birlikdə 3363 nəfər Ağdam şəhərinə köçürülüb".

R.Kərimoğlunun sözlərinə görə, Ağdama qayıdan insanların əhval-ruhiyyəsi yüksəkdir:

"İnsanların əhval-ruhiyyəsi çox yüksəkdir. Çünki insan öz doğma yurduna qayıdır, 30 il gözlədiyi həsrətə son qoyulur. Bu, sözlə ifadə olunması çətin olan, çox möhtəşəm hisslərdir. Əsas məsələ isə insanların artıq öz doğma torpaqlarına qayıtmasıdır".

Rey Kərimoğlu qeyd edib ki, sakinlər üçün müasir standartlara uyğun mənzillər tikilərək təqdim olunur:

"Dövlət tərəfindən yüksək səviyyədə, bütün zəruri şəraitə malik mənzillər tikilərək sakinlərə təqdim olunur. Evlər müasir standartlara uyğun şəkildə təmir və təchiz edilir. İnsanlar da böyük könül xoşluğu ilə öz doğma yurdlarına köçürlər".

Sədr vurğulayıb ki, insanların Ağdama köçlə bağlı müraciətləri çoxdur:

"Mənə yüzlərlə insan müraciət edir və məndən kömək istəyirlər ki, onlar da tezliklə öz yurdlarına köçə bilsinlər. Lakin bunun üçün müəyyən qaydalar və prosedurlar mövcuddur və köç prosesi həmin qaydalara uyğun həyata keçirilir".

R.Kərimoğlu bildirib ki, ilin sonuna qədər Ağdama daha çox insanın köçürülməsi gözlənilir:

"Bu ilin sonuna qədər Ağdam şəhərinə daha böyük sayda insanların köçürülməsi gözlənilir. Köç prosesi zamanı Dövlət Məşğulluq Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumları qayıdan insanların işlə təmin olunması istiqamətində ciddi işlər görürlər. Çünki doğma yurda qayıdan insanlar üçün ən vacib məsələlərdən biri işlə təmin olunmaqdır".

Rey Kərimoğlu qeyd edib ki, Ağdamda yeni iş yerlərinin yaradılması istiqamətində işlər aparılsa da, müəyyən çatışmazlıqlar qalır:

"Yeni iş yerlərinin yaradılması ilə bağlı da böyük işlər görülür və bu, təqdirəlayiqdir. Lakin hələ də çatışmazlıqlar var. İş yerlərinin sayı daha da artırılmalıdır. Hazırda qayıdan insanların əmək və məşğulluqla təminatında müəyyən narahatlıqlar mövcuddur".

Sədr bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların işlə təmin olunması zamanla həllini tapacaq:

"Təbii ki, birdən-birə bu qədər insanın işğaldan azad olunmuş ərazilərdə işlə təmin edilməsi asan məsələ deyil. Lakin düşünürük ki, zaman keçdikcə bu məsələ də öz həllini tapacaq".

Fatimə Nəbiyeva