“Ekoleks ekoloji hüquq mərkəzinin missiyası dayanıqlı inkişafa nail olmaq üçün ekoloji siyasət və qanunvericiliyin inkişafına ictimai dəstək vermək, qərar qəbul edən şəxsləri və VT nümayəndələrinin bu istiqamətdə peşəkarlığının artırılması üçün səylər göstərməkdir. Mərkəzin əsas məqsədi ətraf mühitin mühafizəsi və ətraf mühitə təsir edən fəaliyyətlər üzrə qəbul ediləcək qərarların hazırlanması və qəbulunun səmərəliliyinin artırılmasıdır”.
Bu sözləri Ekoleks Ekoloji Hüquq Mərkəzi İctimai Birliyinin sədri Sevil İsayeva QHT.az –a açıqlamasında bildirib. Mərkəzin Dayanıqlı şəhərsalma, Dayanıqlı nəqliyyat layihələri həyata keçirdiyini qeyd edən QHT sədri Bakının Baş Planının yaşıllaşdırılmasına, bərpa olunan energetika sahəsində siyasətin hazırlanmasına tövsiyələrini verdiyini də bildirib. Onun sözlərinə görə, Təşkilat Şahdağ və Altıağac Milli parkaları ilə həmsərhəd ərazidə yerləşən bələdiyyələr üçün ekoloji proqramlarını hazırlayıb, Azərbaycanın turizmin inkişafı və geniş yayılmış faydalı qazıntılardan istifadə ilə əlaqədar həssas ətraf mühiti olan bir neçə rayonunda, o cümlədən Qubada, Qəbələdə ətraf mühitin vəziyyətini araşdırıb və və yerli icra hakimiyyətləri üçün tövsiyələr verib: “Ekoleks ekoloji hüquq mərkəzi çimərlik turizminin inkişafı üçün Azərbaycanın Xəzər sahilboyunda yerləşən çimərliklərinin vəziyyətini öyrənib, beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası standartlarının layihələrini, normativ hüquqi akt layihələri cimərliklərin istifadə ilə əlaqədar Tədbirlər planı layihəsini hazırlayıbdır. Ekoleks ekoloji hüquq mərkəzi bərk məişət tullantılarının idarə olunması vəziyyətini, siyasi strategiyanı və normativ hüquqi aktları araşdırıb və qiymətləndirib, siyasətin formalaşdırılması və qanunvericiliyin inkişafı üçün tövsiyələrini hazırlayıbdır”.
QHT sədri Sevil İsayeva həmçinin bildirib ki, Ekoleks ekoloji hüquq mərkəzi Plastik tullantıların idarə olunması üzrə strategiyanın hazırlanmasında iştirak etmiş və “Qablaşdırma tullantılarının idarə olunması haqqında” Qanun layihəsini hazırlayıb: “Təşkilatımız Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadəni araşdırıb və torpaqların konsolidasiyası üzrə dövlət proqramının, strategiyanın və qanunun layihəsini hazırlayıb”.
Pərvanə Fərhadqızı












