2023-cü ilin yekunları göstərir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb. Neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb.

Bəs neft-qaz sektorunda əlavə dəyərin azalması və qeyri-neft sektorunda artımın olması sektorda hansı amillərin təsiri altında baş verə bilər?

QHT.az bu sualını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədova ünvanlayıb. Onun sözlərinə görə, bu əslində gözlənilən idi. QHT sədri bildirib ki, ölkəmizdə neft-qaz sektorunun inkişafı nöqteyi- nəzərdən, ənənəvi olaraq əsas bizim resurs bazamız neftlə bağlıdır, ixracat nöqteyi nəzərdən də ölkəmizin uzun illər ərzində ixracatının əsasını neft təşkil edirdi: “Neftlə bağlı isə hasilatdakı azalmalar hazırkı şəraitdə qaçılmazdır. Bu ilk növbədə texnoloji proseslərlə, təbii şərtlərlə bağlıdır. Təbiəti aldatmaq mümkün deyil. Dünya təcrübəsinə nəzər salsaq neftin hasilatının kəskin şəkildə artması dövrü, sonradan həmin hasilatdakı tənəzzül və azalma ilə müşahidə edilir. Neft hasilatının fiziki həcminin azalması sektorun tədricən daralmasına şərait yaradacaq. Bizdə qaz sektorunda, qaz ixracatı, hasilatı, istehlakı ilə bağlı artım olmasaydı, onda neft-qaz sektorundakı tənəzzül daha böyük, daha kritik rəqəmlərlə ifadə olunardı. Neft qaz sektorundakı bütövlükdə gözlənilən proseslərin reallaşdığını söyləyə bilərik”.

Qeyri neft sektorundakı inkişafa gəlincə QHT sədri bildirib ki, 2 amil önəmli təsir göstərmiş oldu: “Bir tərəfdən dövlət kapital qoyuluşlarının olması, yəni dövlətin qeyri –neft sektoru ilə bağlı bir sıra investisiya layihələrinin həyata keçirilməsidir. Digəri inflyasiya prosesi, xüsusi ilə 2022-ci ildə baş verən inflyasiyadır. İqtisadiyyatda hansısa proseslərin digər iqtisadi göstəricilərdə ifadə olunması üçün müəyyən vaxt tələb olunur. İnflyasiyanın artması həm də pul dəyərində qeyri-neft sektorunun artmasına şərait yaratdı. Bir tərəfdən dövlətin qeyri neft sektoruna dəstəyi, digər tərəfdən inflyasiya prosesləri qeyri neft sektorunda qeyd olunan artım dinamikasını şərtləndirmiş oldu”.

 

Pərvanə Fərhadqızı