“Hazırda minaların yaratdığı problemlər çox böyükdür. Azərbaycan ərazilərinin minalarla və PHS çirklənmə səviyyəsinə görə Avropa ilk üç ölkədən, dünyada isə ilk on ölkədən biridir. Bizdə olan mina qurbanlarının sayı Cənubi Qafqazda olan mina qurbanlarının ümumi sayından çoxdur və təəssüf ki, qurbanların sayı artmaqdadır”.
Bu sözləri Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında bildirib. Rəsmi məlumatı diqqətə çatdıran QHT sədrinin sözlərinə görə, Azərbaycanda mina problemlərini həll etməyə 30 il vaxt lazım ola bilər: “Bütün bunları nəzərə alaraq növbəti aylarda və illərdə də öz fəaliyyətimizi davam etdirməyə və hətta alınarsa daha da genişləndirməyə çalışacağıq”.
Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Hafiz Səfixanov qeyd edib ki, bu seçkilər Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçki olacaqdır: “İnşallah biz öz səs vermə hüququmuzdan istifadə edəcəyik”.
Pərvanə Fərhadqızı












