BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq İnsan Qardaşlığı Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

Beynəlxalq İnsan Qardaşlığı Günündə bizi bir insan ailəsi kimi birləşdirən qarşılıqlı hörmət və həmrəylik ruhunu qeyd edirik. Bu gün bu dəyərlər ciddi şəkildə sınaqdan keçirilir. Dünyamız parçalanmalar, münaqişələr və bərabərsizliklərlə qarşı-qarşıyadır. Ayrı-seçkilik tüğyan edir. Biz insan hüquqlarını qorumaq və müdafiə etmək, nifrət nitqi, zorakı ekstremizm və qorxudan qazanc əldə edənlərə qarşı mübarizə aparmaq üçün bir araya gəlməliyik. Biz Roma Papası Fransisk və Əl-Əzhər Böyük İmamı Şeyx Əhməd Əl-Tayibin imzaladığı “Dünya sülhü və birlikdə yaşamaq naminə insan qardaşlığı” bəyannaməsindən ilhamlanaraq, mərhəmətin və insan ləyaqətinin üstünlük təşkil etdiyi bir dünya üçün çalışa bilərik.

Gəlin ayrı-seçkilikləri aradan qaldırmaq, bütün mədəniyyətlərə və inanclara malik insanlar arasında dini anlaşma və əməkdaşlığı gücləndirmək öhdəliyimizi təzələyək. Gəlin birlikdə hamı üçün daha dinc, ədalətli və harmonik dünyaya doğru yol açaq.