Rusiya və Ukrayna gec-tez razılığa gələcək, uzun müddət də olsa, xalqlar arasında münasibətlər bərpa olunacaq. Rusiya prezidenti Vladimir Putin müsahibəsində buna əmin olduğunu bildirib.

Rəsmi bir razılıq əldə etmək üçün Rusiya və Ukrayna arasında hansı məsələlərin həll edilməsi lazımdır və bu proses necə inkişaf edir? Bu razılıq əldə etmə prosesi dünya siyasətinə necə təsir edir? Ukrayna-Rusiya münasibətlərindəki bu potensial dəyişikliklər Avropa Birliyi üzərində hansı təsirə malik ola bilər?

QHT.az bu sualları Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlüyə ünvanlayıb. Onun sözlərinə görə, razılıq əldə etmək üçün tərəflərin irəli sürdükləri şərtlər var: "Düşünürəm ki, Ukraynanın şərtləri irəli sürməsi normaldır. Təcavüzə məruz qalıb, ərazi bütövlüyünü təmin etmək istəyir. Amma bunu gerçəkləşdirmək üçün imkanları yoxdur. Hal-hazırda Ukraynanın vəziyyəti çox çətindir. Rusiyanın şərtləri tutduqları ərazilərin, Ukrayna və ona dəstək verən ölkələr tərəfindən qəbul edilməsidir ki, bu torpaqları Rusiya tutubsa burada da qala bilər. Bu da Ukrayna tərəfdən qəbul edilmir. Beləcə bu şərtlərlə tərəflər çıxış etdiklərinə görə, razılıq əldə edilmir. Yorucu, üzücü, dağıdıcı bu müharibə davam edir. Mən bu məsələlərdə daha çox qərb dövlətlərini də günahkar sayıram. Bu həddə, gərginliyə gəlib çıxmasında onların da rolu var. Təbii ki, Rusiyanın Ukraynanın ərazisini işğal etməsi qəbul edilən məsələ deyil. Onsuzda dünya bir neçə qütbə bölünüb. Bu müharibə də qütbləşməni daha da dərinləşdirdi, kəkinləşdirdi. Düşünürəm ki, razılıq əldə olunarsa dünya siyasətində rahatlıq yarana bilər. Bu qanlı, dağıdıcı müharibə sona yetər, bəşəriyyət, xüsusən Ukrayna xalqı rahat nəfəs alar”.

Avopa Birliyinin də bu çətin situasiyaya görə böyük rolu olduğunu qeyd edən Mübariz Göyüşlü bir, iki ölkəni, məsələn Macarıstanı çıxmaq şərtilə, onların da bu prosesdə qızışdırıcı rol oynadıqlarını da vurğulayıb: “Ukraynanı, Zelinskini qızışdırıb bu həddə gətirib çıxardılar. Ukraynanın bədbəxtliyi üzərində öz maraqlarını gerçəkləşdirmək həvəsində, havasındadırlar. İndi də silah yoxdur, yardım edə bilmirlər, bu kimi bəhanələrlə Ukrayna xalqını yarı yolda qoymaq fikrindədirlər. Təbii ki, razılıq əldə olunarsa Avropa siyasətçilərinin Avropa xalqını saldığı çətin durumdan xilas etmiş olarlar”.

 

Pərvanə Fərhadqızı