Mina təmizləmə fəaliyyəti zamanı həyatını itirən şəxslərin övladlarının təhsil haqqının dövlət tərəfindən qarşılanması cəmiyyətdə müsbət qarşılanıb.

Təhsil eksperti Ramin Nurəliyev QHT.az- a açıqlamasında bu qərarı dövlətin vətəndaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib. O bildirib ki, daha əvvəl də şəhid ailələri və müharibə əlillərinin övladları üçün oxşar güzəştlər tətbiq olunub və yeni sərəncam bu siyasətin davamıdır.

Ekspertin sözlərinə görə, bu təşəbbüs xüsusilə aşağı bal toplayaraq dövlət sifarişi ilə təhsil almaq imkanı əldə edə bilməyən gənclər üçün mühüm dəstəkdir. Belə ki, onlar ödənişli əsaslarla ali məktəblərə qəbul olsalar belə, təhsil haqları dövlət tərəfindən qarşılanacaq.

R.Nurəliyev qeyd edib ki, bu qərar mina təmizləmə zamanı həlak olan və ya xəsarət alan şəxslərin ailələrinin unudulmadığını göstərir və onların övladlarına təhsil imkanlarının yaradılması baxımından böyük əhəmiyyət daşıyır.

Zəhra Ağayeva