Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may tarixinə təyin olunan imtahanlarla bağlı danışan təhsil eksperti Şəmsi Qocayev əlavə imtahan imkanlarının yaradılmasını mühüm addım kimi qiymətləndirib.
Ekspert QHT.az-a açıqlamasında bildirib ki, müxtəlif üzrlü səbəblərdən əsas imtahanlarda iştirak edə bilməyən abituriyentlər üçün əlavə şans yaradılması humanizm və təhsildə bərabərlik prinsipinin göstəricisidir:
“Bu addım gənclərin birillik əməyinin təsadüfi və ya fors-major hadisələr səbəbindən itirilməsinin qarşısını alır, onlarda dövlətə və gələcəyə olan inamı artırır. Bu, sadəcə imtahan fürsəti deyil, həm də gənclərə verilən ikinci şans mədəniyyətinin ən ali təzahürüdür”.
Ş.Qocayev imtahan prosesində qaydalara ciddi əməl olunmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, sənədlərin tam hazırlanması, imtahan binasına vaxtında gəlmək və daxili mühitə uyğunlaşmaq abituriyentin gərginliyini azaltmağa kömək edir.
Ekspert qeyd edib ki, qadağan olunmuş texnoloji vasitələrin imtahan zalına gətirilməsi bəzən bir anlıq diqqətsizlik səbəbindən aylarla çəkilən zəhmətin boşa getməsinə səbəb ola bilər. O, cavab kartlarının düzgün kodlaşdırılmasının və texniki səhvlərdən yayınmağın uğur üçün əsas şərtlərdən biri olduğunu bildirib.
O əlavə edib ki, imtahan zalındakı sakitlik abituriyentləri qorxutmamalı, əksinə onların diqqətini daha da artırmalıdır. Dövlət İmtahan Mərkəzinin xəbərdarlıqlarına əməl etməyin və intizamlı davranmağın vacibliyini xüsusi qeyd edib.
Zəhra Ağayeva












