“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Mövzu ilə bağlı Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlama verib.
Şəmsi Qocayev bildirib ki, qanuna edilən dəyişiklik sosial müdafiə sistemində yeni və daha humanist yanaşmanın göstəricisidir:
“‘Təhsil haqqında’ qanuna edilən bu dəyişiklik Azərbaycanın sosial müdafiə sistemində daha humanist və hədəfəyönümlü bir mərhələyə keçdiyini göstərir. Bu yanaşma dövlətin öz vətəndaşının fədakarlığını yüksək qiymətləndirməsinin və milli maraqlar naminə həyatını riskə atan şəxslərin ailəsi qarşısında məsuliyyət daşıdığının bariz nümunəsidir. Minatəmizləmə kimi strateji və təhlükəli sahədə çalışanların övladlarına verilən bu təminat sosial siyasətin artıq yalnız maddi yardımlarla məhdudlaşmadığını, eyni zamanda gələcək nəslin intellektual inkişafına birbaşa investisiya qoyulduğunu göstərir”.
Ş.Qocayevin sözlərinə görə, dövlət bu addımla minatəmizləmə fəaliyyətinə xüsusi önəm verdiyini nümayiş etdirir:
“Bu addım dövlətin minatəmizləmə fəaliyyətini xüsusi əhəmiyyətli xidmət sahəsi kimi qiymətləndirdiyini nümayiş etdirir. Eyni zamanda, bu yolda həyatını itirən şəxslərə verilən yüksək mənəvi dəyərin hüquqi ifadəsi kimi çıxış edir”.
Ekspert vurğulayıb ki, təhsil haqqının dövlət tərəfindən qarşılanması ailələrin sosial rifahına ciddi töhfə verir:
“Təhsil haqqının dövlət tərəfindən qarşılanması həmin ailələrin sosial rifahına həm iqtisadi, həm də mənəvi baxımdan mühüm təsir göstərir. Maddi baxımdan ailə başçısını itirmiş bir ailə üçün ali təhsil xərcləri ciddi yük yaradır. Yeni dəyişiklik bu yükü azaltmaqla ailənin maddi imkanlarının digər zəruri ehtiyaclara yönəldilməsinə şərait yaradır və onları yoxsulluq riskindən qorumağa xidmət edir. Mənəvi baxımdan isə dövlətin bu addımı ailələrdə güvən hissini gücləndirir və onların cəmiyyətə inteqrasiyasını dəstəkləyir”.
Şəmsi Qocayev qeyd edib ki, qərar həssas qruplardan olan uşaqların təhsilə çıxış imkanlarını genişləndirir:
“Uşaqların təhsilə çıxış imkanları baxımından da bu qərar mühüm əhəmiyyət daşıyır. İstedadlı gənclərin maddi çətinlik səbəbindən təhsildən kənarda qalmasının qarşısını almaqla dövlət həssas qruplardan olan şəxslərin sosial mobilliyini təmin edir. Beləliklə, bu gənclər gələcəkdə yüksək ixtisaslı kadrlar kimi formalaşaraq həm ailələrinin sosial vəziyyətini yaxşılaşdırmaq, həm də ölkənin insan kapitalına töhfə vermək imkanı qazanırlar”.
Ekspertin fikrincə, bu dəyişiklik sosial ədalətin güclənməsinə və ailələrin gələcəyə inamının artmasına xidmət edir:
“Nəticə etibarilə, bu addım cəmiyyətdə sosial ədalət hissini daha da möhkəmləndirir və həssas ailələrin gələcəyə olan ümidlərini dövlət təminatı vasitəsilə real imkanlara çevirir”.
Fatimə Nəbiyeva












