“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlama verib.

Məzahir Məmmədlinin sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrə də daha geniş dəstək göstərilməsi vacibdir “Ümumiyyətlə, hesab edirəm ki, bu cür addımlar təkcə həssas qruplardan olan ailələr üçün deyil, eyni zamanda aztəminatlı ailələr üçün də atılmalıdır. Çünki regionlardan, digər bölgələrdən, eləcə də şəhərin özündən olan elə tələbələr var ki, onların gələcək üçün böyük potensialı və geniş imkanları mövcuddur. Lakin maddi çətinliklər səbəbindən həmin gənclər öz təhsillərini davam etdirməkdə çətinlik çəkirlər”.

Məzahir Məmmədli bildirib ki, imkansız ailələrdən olan istedadlı gənclərin vəziyyəti daha dərindən araşdırılmalıdır: “Yaxşı olardı ki, bu qəbildən olan şəxslərin də vəziyyəti araşdırılsın və aztəminatlı ailələrə daha geniş dəstək göstərilsin. Necə ki, minadan zərər çəkənlərə, şəhid ailələrinə və digər həssas kateqoriyalara xüsusi diqqət və qayğı göstərilir, eyni yanaşma imkansızlıq səbəbindən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan istedadlı gənclərə də tətbiq olunsun”.

Ekspert vurğulayıb ki, gələcəkdə dəstək alan kateqoriyaların sayının artırılması daha çox gəncin təhsilinə töhfə verə bilər: “Əlbəttə, bu, olduqca təqdirəlayiq və arzuolunan bir addım olar. Ümid edirəm ki, gələcəkdə bu qəbildən olan kateqoriyaların sayı daha da artırılacaq və daha çox gənc bu dəstəkdən faydalana biləcək”.

Fatimə Nəbiyeva