İstedadlı Əlillər İctimai Birliyi Samux rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil edib.

İctimai Birlikdən QHT.az –a verilən məlumata görə, İstedadlı Əlillər İctimai Birliyi tərəfindən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Samux rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Tədbirdə ilk öncə dövlət himni səsləndirilib. Sonra mərkəzin rəhbəri Qubad Qasımov çıxışında  uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulayıb.

Daha sonra uşaqların ifasında Yeni ilə həsr olunmuş ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri  maraqla izlənilib. Şaxta babanın və klounun hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və  uşaqlarla  rəqs  etməsi onların daha da  sevincinə səbəb oldu.

Tədbirin sonunda Samux rayon Günərzi Qayğı Mərkəzinin rəhbəri Qubad Qasımov layihəyə və layihə müddətində tədbirlərin təşkilində dəstək göstərən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudova öz təşəkkürünü bildirdi.