Vaxtaşırı Azərbaycana qarşı Ermənistan, qərəzli beynəlxalq təşkilatlar, bəzi dövlətlər tərəfindən informativ planda təxribatlar törədilir, qarayaxma kampaniyası aparılır, böhtanlar atılır və s. Azərbaycan bölgədə gücləndikcə, söz sahibi olduqca, dünyada nüfuzu artdıqca bədxahların belə qaralama kampaniyalarını da artıracağı istisna deyil. Bəllidir ki, Azərbaycan artıq illərdir ki, müdafiə taktikasına deyil, hücum diplomatiyasına keçid alıb.

Bu kontekstdə görülən işlər, atılan addımlar təbii ki, uğurludur və alqışlanmalıdır. Eyni zamanda biz zəif nöqtələrimizi də bərkitməliyik.

Dünya miqyasında güclənməli olduğumuz, əlaqələrimizi artırmalı olduğumuz sahələrdən biri də vətəndaş cəmiyyəti institutları ilə bağlıdır. Etiraf etməliyik ki, dünyanın əksər ölkələrində QHT-lərlə əlaqələrimiz, əməkdaşlığımız zəifdir. Hansı ki, böhtan kampaniyalarına qarşı qalxanlardan biri də məhz dünya boyunca əməkdaşlığımız olan QHT-lər ola bilər. Yəni müxtəlif ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, əlaqələr qurmalıyıq, Azərbaycana qarşı qərəzli kampaniyalar aparılanda onların xeyrimizə birgə bəyanatlar verməsinə nail olmalıyıq. Bununla kim, hansı qurumlar məşğul olmalıdır? Azərbaycan QHT-lərimi, səfirliklərmi?

 

Çingiz Qənizadə: “Maliyyə resursları olmadan QHT-lər bu əlaqələri, əməkdaşlığı qoruyub saxlaya bilmirlər”

QHT.az xəbər verir ki, Hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın güclənmiş mövqeyi xüsusilə İkinci Qarabağ savaşındakı dövrlərdə artan xətlə inkişaf etməkdədir: “Söhbət bizim xarici diplomatiyamızdan və beynəlxalq səviyyədə informasiya blokadasını yarmaqla informasiya üstünlükləri əldə etməyimizdən gedir. Artıq dünya mətbuatına təsir etmək imkanımız və Azərbaycanın haqq səsini mətbuatda işıqlandırmaq imkanlarımız mövcuddur, artan xətlə inkişaf edir. Təbii ki, bu, dövlətin siyasi kursudur. Amma həqiqətən də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə beynəlxalq qeyri-hökumət təşkilatlarının əlaqələrində zəiflik hiss olunur. Əməkdaşlıq olduqca zəifdir. Ayrı-ayrı təşkilatlar var, müəyyən təşkilatlar vasitəsilə münasibəti və ünsiyyəti qoruyub saxlayırlar. Lazım olanda sənədləşmə və məktublaşma prosesini həyata keçirirlər. Düzdür, hansısa ciddi məsələ olanda QHT-lər yığışaraq dünyanın aparıcı təşkilatlarına, BMT başda olmaqla Avropa Şurası, Avropa İttifaqı, ya beynəlxalq hüquq təşkilatlarına məktublar göndərirlər. Amma bundan başqa şəxsi əlaqələr daimi olmalıdır və hər bir QHT xaricdə özünə müəyyən dost QHT-ləri əldə saxlamalıdır.

 

Onlarla daima əlaqədə olmalıdırlar ki, lazım gələndə Azərbaycanın haqq səsini onların vasitəsilə öz dövlətlərinə və ictimaiyyətinə çatdırsınlar. Burada problemi mən QHT-lərdə yox, QHT-lərin xariclə əlaqə qurmasında kifayət qədər dəstəyin olmamasında görürəm və belə hesab edirəm ki, dövlətin siyasi kursunu həyata keçirən QHT-lərə müəyyən üstünlüklər verilməlidir. Onlara şərait yaradılmalıdır, dəstək verilməlidir. Dövlət dəstəyi həyata keçirməklə QHT-lərə bir təkan verməlidir. Müəyyən maliyyə resursları olmadan və müəyyən dəstəklər olmadan QHT-lər öz şəxsi hesablarına bu əlaqələri qoruyub saxlaya bilmirlər. Ona görə də zəif nöqtələri axtaraq dedikdə mən hesab edirəm ki, QHT-lərin inkişafına onsuz da hər il dövlətdən 5 milyondan artıq vəsait ayrılır. Xaricdə siyasətin həyata keçirilməsi üçün büdcədən əlavə vəsait ayrılmalıdır. Hansı QHT-lər xaricdə özlərini tanıdıblar, özlərinə əlaqələr qurublar, o əlaqələrin daha da inkişaf etməsi üçün onlara layihələr şəklində vəsaitlər ayrılsın ki, onlar məhz layihələrini bu istiqamətə yönəltsinlər”.    

 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”