Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 2026-ci ilin dövlət büdcəsində QHT-lərə ayrılan vəsaitin artırılması ilə bağlı QHT.az-a fikirlərini bölüşüb.

Çingiz Qənizadə QHT.az-a açıqlamasında deyib:

“2025-ci illə müqayisədə dövlət büdcəsində, qeyri- hökumət təşkilatları üçün ayrılan vəsait 2,6 milyondan çox olması gözlənilir. Bu əvvəlki büdcədən təxminən 32 faiz artım deməkdirsə, hesab edirəm ki, bu, olduqca yüksək göstəricidir və nəzərə alsaq ki, hazırkı dövlət büdcəsində müəyyən sahələrə vəsaitin ayrılması tamamilə sıfırlanıbsa – məsəl üçün, kino çəkilişi sahəsi və digər sahələrində ad çəkmək istəmirəm – amma qeyri- hökumət təşkilatlarına ayrılan vəsait artıq 10 milyonun üstündədir.”

Komitə sədri bildirib ki, əvvəlki illərlə müqayisədə hazırkı məbləğ çox böyük artımdır:

“Mən xatırlayıram, əvvəllər qeyri- hökumət təşkilatları üçün mən parlamentdə olarkən vəsait ayrılması 3 milyon idi, sonra bir az artırıldı, sonra 5 milyona qalxanda yenə qeyri- hökumət təşkilatları sırasında böyük bir sevinc var idi. Amma şükürlər olsun ki, artıq 10,4  milyon vəsait ayrılır. Bu artım QHT-lərin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Yəni bu o deməkdir ki, qeyri- hökumət təşkilatlarının fəaliyyəti dövlət tərəfindən dəyərləndirilir. Vəsaitlərin xərclənməsi prosesi bir neçə mərhələdə nəzarət altında istifadə olunursa, burada qeyri-qanuni hallara yol verilməməsi üçün bu nəzarətin olması və ayrılan vəsaitin düzgün xərclənməsi dövlət tərəfindən analiz edilib və müsbət dəyərləndirilib.”

Ekspert əlavə edib ki, ayrılan vəsaitin artırılması QHT-lərin davamlı fəaliyyətinə böyük dəstək olacaq:

“Bu maliyyə artımı QHT-lərə, həmçinin gələcəkdə davamlı fəaliyyət göstərmələri üçün vacibdir. Cəmiyyəti narahat edən, dövlətin vaxt və resurs çatdıra bilmədiyi məsələlər var və QHT-lər dövlətin yanında olaraq millətimiz üçün faydalı layihələri reallaşdıracaqlar və bu boşluğu dolduracaqlar. QHT-lərin fəaliyyəti dövlət funksiyalarına paralel şəkildə cəmiyyət üçün mühüm rol oynayır. Qeyri- hökumət təşkilatlarının fəaliyyəti hökumətdən kənar qurum olsa da belə, hökumətin fəaliyyətindən onu kənarda görmək qeyri mümkündür. Çünki qaldırılan məsələlər və ayrılan pullar hansı istiqamətdə fəaliyyət göstərməli olan məqamlar hamısı onsuz da dövlət tərəfindən analiz edilir.”

Çingiz Qənizadə QHT-lərin vəsait alması ilə bağlı şikayətlərə də münasibət bildirib:

“Narazı QHT-lər var ki, bəzən deyirlər ki, biz niyə vəsait almırıq, niyə pul az verilir və sairə. Əvvəla qeyd edim ki, QHT-lər özünü doğrultmalıdır və onların işləri göz qabağında olmalıdır və tələblərə uyğun olmalıdır ki, onlara yeni vəsaitlər ayrılsın. Yeni maliyyə həcmləri sektor daxilində sağlam rəqabət yaradacaq. İndi sanki bir yarış başlayacaq. QHT-lər daha səmərəli, daha davamlı və daha keyfiyyətli işləməyə çalışacaqlar ki, dövlətin ayırmış olduğu 10,4 milyon vəsaitdən onların təqdim etdiyi layihələrə üstünlük verilsin və vəsait ayrılsın.”

O, QHT-lərin fəaliyyətinin işsizliyin azalmasına da dolayısı ilə təsir etdiyini deyib:

“QHT-lərə ayrılan vəsait vasitəsilə həyata keçirilən layihələrdə 5 nəfər, 10 nəfər, 15 nəfər, bəzən daha çox insanlar çalışırsa və 6 aylıq, 1 illik əməkhaqqı alırsa, bu da dövlətin işsizliklə bağlı probleminə bir dəstəkdir. Vəsaitlərin hansı istiqamətə yönəldilməsi barədə yekun qərarı Dövlət Dəstəyi Agentliyi verir. Bu vəsaitlərin hara ayrılması ilə bağlı bir nəfərin şərh verməsi düzgün olmazdı. Çünki Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərə sanki bir sifariş yollanır – cəmiyyətin hansı məsələləri bilməli olduğu, hansı problemlərin gündəmdə olduğu göstərilir. Bunun içərisində insan hüquqları, azadlıqlar, mətbuat, ekologiya və sairə var.

Ümumilikdə büdcəyə bu təklifin verilməsi, QHT-lərə ayrılan vəsaitin 10,4 milyon olması və 2,6 milyon manat artımın, yəni 32 faiz artımın təklif olunması dövlətin QHT-lərə vermiş olduğu dəstəkdir. Arzu edirəm ki, oxunuşlar zamanı bu rəqəmlər azalmasın, olduğu kimi qalsın və 2026-cı ilin dövlət büdcəsində də bu məbləğin təsdiqinin şahidi olaq.”