Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli 2026-ci il üçün dövlət büdcəsində QHT-lərə ayrılan vəsaitin artırılmasını yüksək qiymətləndirib.

İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan qeyri-hökumət təşkilatları demək olar ki, bu və ya müxtəlif tədbirlərdə, görüşlərdə hər zaman qeyri-hökumət təşkilatları üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə bağlı davamlı olaraq təkliflərlə biz çıxış etmişik və 2025-ci illə müqayisədə bu büdcədə artımın baş verməsi, xüsusilə 32 faiz artımın baş verməsi çox ciddi bir nailiyyətdir, ciddi bir rəqəmdir:

"Hesab edirəm ki, bu artımın baș verməsində həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyənin idarə edilməsi proseslərindəki șəffaf idarəetmə amili ciddi rol oynayır. Bu maliyyə artımı iki əsas istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Birincisi, Azərbaycan qeyri-hökumət təşkilatlarının davamlı inkişafı ilə bağlı çox əhəmiyyətli bir qərardır. İkincisi, Azərbaycan qeyri-hökumət təşkilatlarının donor asılılığının aradan qaldırılmasını təmin edəcək. QHT-lər uzun müddətdir xarici donorlardan maliyyə dəstəyi tapmağa məcbur qalırdı. Bilirsiniz ki, Azərbaycan qeyri-hökumət təşkilatları xarici donorlardan, səfirliklərdən və digər mənbələrdən maliyyə yardımı almaq kimi daimi olaraq axtarışda olurdu. Amma dövlət dəstəyinin artırılması artıq bizim xarici donorlardan asılılığımızı da aradan qaldırmış olacaq və bu da kifayət qədər dövlətin təhlükəsizlik məsələləri ilə bağlı öz ciddi töhfəsini verəcək.”

QHT sədri əlavə edib ki, QHT-lərin dayanıqlılığı və institusional inkişafı baxımından bu qərar mühüm rol oynayacaq:

“Biz qeyri-hökumət təşkilatları qısa müddətli layihələrlə çıxış edirdik. Dövlət büdcəsindən ayrılan vəsaitlərimizin və qrant vəsaitlərinin demək olar ki, məbləği bir o qədər də böyük deyildi və buna görə də biz adətən üç aylıq, iki aylıq, dörd aylıq layihələrə üstünlük verirdik. Bu, əməkhaqqı təminatımızda, kadrların saxlanılması və yeni kadrların QHT sektorunda yetişdirilməsi baxımından yetərsizliyə səbəb olurdu. Mən düşünürəm ki, bu arqument artıq bizim dayanıqlı inkişafımızın təminatında çox ciddi rol oynayacaq.”

İlqar Hüseynli əlavə edib ki, artırılan vəsaitin hansı istiqamətlərə yönəldilməsi daha məqsədəuyğun olardı:

“Məsələn, sosial-iqtisadi proqramların artırılmasına, Azərbaycanın beynəlxalq nüfuzunun və beynəlxalq məsələlərdə iştirakının təminatını dəstəkləyən layihələrə, eyni zamanda Qərbi Azərbaycana Qayıdış – Qarabağa qayıdış konsepsiyaları əsasında hazırlanan layihələrə üstünlük verilməsini düşünürəm ki, çox yaxşı olardı. Azərbaycan yaxın dövr üçün karbon emissiyasının azaldılması ilə bağlı öz üzərinə çox ciddi öhdəlik götürür və bu öhdəliyin yerinə yetirilməsində ekoloji layihələrin, ekoloji ideyaların dəstəklənməsi, ekoloji tarazlığın və iqlim dəyişiklikləri ilə bağlı məsələlərin qorunması istiqamətindəki layihələrə üstünlük verilməlidir.”

Sonda o, gənclər yönümlü layihələrin də vacibliyini qeyd edib:

“Mən hesab edirəm ki, gənclərin vətəndaş cəmiyyəti proseslərində iştirakına və gənclərin pis vərdişlərdən — narkomaniya, erkən nikah, radikallaşma kimi meyllərdən uzaqlaşdırılmasına xidmət edən layihələrə üstünlük verilməsi çox məqbul olardı.”