“Mələk” Yardıma Ehtiyacı Olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri Ləman Rəfiyeva loqopedik terapiyanın mahiyyəti və vaxtında müdaxilənin əhəmiyyəti barədə QHT.az-a açıqlama verib.
Onun sözlərinə görə, loqopedik terapiya nitq və dil pozuntularının diaqnostikası, korreksiyası və inkişafına yönəlmiş ixtisaslaşdırılmış terapiya üsuludur. Ləman Rəfiyeva bildirib ki, terapiya həm uşaqlarda, həm də böyüklərdə nitq inkişafında ləngimə, artikulyasiya problemləri, kəkələmə, afaziya, dislaliya, disfaziya kimi pozuntuların aradan qaldırılmasında mühüm rol oynayır:
"Loqopedik terapiyanın əsas məqsədləri doğru və aydın nitqin formalaşdırmaq, söz ehtiyatının artırılması,qrammatik quruluşun inkişaf etdirmək, kommunikasiya bacarıqlarının gücləndirilməsi və sosial adaptasiya və özünüifadə bacarığının inkişaf etdirməkdən ibarətdir.Terapiya fərdi və ya qrup şəklində , oyunlar, vizual materiallar, nəfəs və artikulyasiya məşqləri, və valideynlərlə əməkdaşlıq əsasında aparılır."
QHT sədrinin sözlərinə görə, erkən yaşlarda loqopedik müdaxilə daha effektiv nəticə verir:
Azərbaycanda loqopediya sahəsində mövcud problemlər
Ləman Rəfiyeva loqopedik xidmətlərin əlçatanlığı ilə bağlı bir sıra çətinliklərin mövcud olduğunu da qeyd edib:
-
Loqopedik maarifləndirmənin zəifliyi
-
Peşəkar kadr çatışmazlığı, xüsusilə bölgələrdə ixtisaslı loqopedlərin azlığı
-
Xidmətlərin əsasən ödənişli olması səbəbindən ailələrin maliyyə çətinlikləri
-
Psixoloq–pedaqoq–loqoped əməkdaşlığının zəif inteqrasiya olunması
Valideynlər nə vaxt loqopedə müraciət etməlidirlər?
Mütəxəssis valideynləri diqqətli olmağa çağırır və aşağıdakı hallarda loqopedə gecikmədən müraciət etməyi tövsiyə edir:
-
Uşaq 18–24 ay aralığında 10-dan az söz deyirsə
-
2 yaşda cümlə qurmaqda çətinlik yaşanırsa
-
Nitq aydın deyil, səs və tələffüz pozuntuları varsa
-
Uşaq başqalarının dediklərini çətin anlayırsa
-
Danışıq ümumiyyətlə yoxdursa
-
Səsləri qarışdırırsa (məsələn, “r” əvəzinə “l”)
-
Sosial və kommunikasiya bacarıqlarında gerilik müşahidə olunursa
Sonda Ləman Rəfiyeva valideynləri uşaqlarda nitq inkişafı ilə bağlı hər bir xırda detalı diqqətdə saxlamağa çağırıb:
“Gecikmiş nitq inkişafı uşağın gələcək təhsilinə və sosial adaptasiyasına ciddi təsir edə bilər. Erkən müraciət uğurlu nəticənin əsas şərtidir.”
Qeyd edək ki, noyabrın 14-ü Beynəlxalq Loqoped Günü qeyd olunur. Xəstələrin həyatında loqopedlərin mühüm rolu nəzərə alınaraq bu beynəlxalq peşə bayramı 2004-cü ildə təsis edilib.
Pərvanə Fərhadqızı












