Praqa Kimya Texnologiyaları Universitetinin yeni araşdırması göstərib ki, bambuk və digər “təbii” biomateriallardan hazırlanan ekoloji qablar əslində qidaya zərərli maddələr buraxa bilər.
QHT.az xəbər verir ki, tədqiqatda Çexiya, Böyük Britaniya və Çindən alınmış 33 nümunə yoxlanılıb və onların təxminən üçdə birində qızdırıldıqda və ya turşulu içkilərlə təmasda melaminin qidaya keçdiyi müəyyən edilib.
Professor Yana Qayslova bildirir ki, “təbii məhsul” etiketi yanıltıcıdır – bu qabların çoxu bambuk tozu əlavə edilmiş melamin-formaldehid qatranından hazırlanmış plastikdir və bu da xüsusilə isti və turş içkilərdə melamin ifrazını artırır.
Altı məhsulda melaminin miqdarı icazə verilən həddi keçib; limon suyu və isti çay kimi adi içkilərə belə keçid aşkarlanıb. Aİ 2021-ci ildən plastik qablarda bambukdan istifadəni qadağan etsə də, tədqiqatçılar bu cür məhsulların hələ də “100% bambuk” adı ilə satıldığını bildirirlər. Analiz zamanı digər çirkləndiricilər — taxıl əsaslı qablarda pestisid qalıqları və bambuk məhsullarında dezinfeksiyaedici izlər də tapılıb.
Alimlər istehlakçıların qorunması üçün bioloji parçalana bilən qablara nəzarətin və sınaqların gücləndirilməsini tövsiyə edirlər.
R.İmanov












