İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, hazırda Azərbaycanın 60-dan çox rayonu mərkəzi büdcədən dotasiya alır və bu, regionların iqtisadi dayanıqlığının tam formalaşmaması ilə bağlıdır.

QHT.az xəbər verir ki, onun fikrincə son islahatlar fonunda vəziyyətin dəyişəcəyi gözlənilir:

"Yerli gəlirlərin artırılması, bələdiyyə strukturlarının səmərəliliyinin gücləndirilməsi və yerli sahibkarlığa dəstək mexanizmlərinin təkmilləşdirilməsi sayəsində dotasiyaların həcminin yaxın 3 ildə 15-20% azalacağı proqnozlaşdırılır. Yeni rəhbər təyinatlarından sonra prioritet istiqamətlərdən biri yerli sahibkarların dəstəklənməsi olmalıdır. 2024-cü ildə regionlarda fəaliyyət göstərən sahibkarların sayı 142 minə çatıb və bu, əvvəlki illə müqayisədə 12% çoxdur. Regionların təbii potensialı nəzərə alınaraq, kənd təsərrüfatı və aqrar sənaye klasterlərinin inkişafı, həmçinin daxili turizmin stimullaşdırılması əsas hədəflərdəndir. Naxçıvanda və qərb rayonlarında yeni aqroparkların və sənaye zonalarının yaradılması, həm daxili bazara, həm də ixraca yönələn istehsalın genişlənməsinə şərait yaradacaq".

Eyyub Kərimli vurğulayır ki, statistikaya görə, regionlardan şəhərə miqrasiyanın əsas səbəbi işsizlik və sosial infrastrukturun zəifliyidir. Yeni iqtisadi strategiya nəticəsində rayonlarda məşğulluq səviyyəsinin 10-12% artması gözlənilir ki, bu da paytaxta axının azalmasına gətirib çıxaracaq:

"Yeni təyinatlar yalnız kadr dəyişikliyi deyil, regionların iqtisadi gələcəyinə yönəlmiş strateji addımdır. İdarəçiliyin şəffaflaşması, iqtisadi qərarların yerlərdə daha səmərəli verilməsi və yerli resursların ağıllı idarə olunması nəticəsində regionlarda tarazlı, dayanıqlı və inklüziv inkişaf təmin olunacaq.

İqtisadiyyatın gücü – güclü regionlardadır!"

 

Pərvanə Fərhadqızı