"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib ki, əczaçılıq sahəsi tibbin ən vacib sahələrindən biridir və ciddi peşəkarlıq tələb edir.

Onun sözlərinə görə, dərmanlar zəhər də ola bilər; onların düzgün dozası vacibdir və yalnız həkim tərəfindən təyin edilməlidir. Çingiz Ramazanlı vurğulayıb ki, əczaçıların özbaşına dərman təyin etməsi və ya apteklərdə düzgün təhsil almamış şəxslərin işləməsi sahəyə xələl gətirir:

“Aptekdə yalnız sahənin təhsilini almış, bilikli və peşəkar əczaçılar işləməlidir. Dərmanın tərkibi, farmakokinetikası və yan effektləri bilinmədən əvəzləyici dərman təyin etmək düzgün deyil. Bu, həm xəstələr üçün təhlükə yaradır, həm də sahənin nüfuzuna zərbə vurur”.

QHT sədri həmçinin dərmanların düzgün saxlanılması məsələsinə də diqqət çəkib:

“Hər bir dərmanın saxlanma şəraiti var və temperaturu düzgün qorunmalıdır. Məsələn, avtomobildə və ya günəş altında saxlanılan dərmanlar təsirsiz və ya zərərli ola bilər. Bu səbəbdən apteklərdə nəzarət, düzgün saxlama və peşəkar əczaçıların işə cəlbi vacibdir.”

Ardı var...

 

Pərvanə Fərhadqızı