Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında Qida Təhlükəsizliyi Agentliyində və digər qurumlarda ictimai nəzarətin vəziyyəti barədə danışıb.

QHT sədri bildirib ki, dörd il əvvəl Qida Təhlükəsizliyi Agentliyində, həmçinin Azəriqaz və Azərsu İctimai Şuralarında üzv olmuş, lakin sonrakı illərdə heç bir ictimai şurada təmsil olunmayıb:

“İki il müddətində Qida Təhlükəsizliyi Agentliyində İctimai Şuranın üzvü olaraq yalnız rəhbərliklə mübahisələr zəmində işləmişik. Qətiyyən mətbəxdən informasiya almaq imkanımız olmadı. Agentliyin əsasnaməsində kollegiya nəzərdə tutulur, amma kollegiyada Azad İstehlakçılar Birliyinin təmsil olunmasına imkan verilmədi. Ümumilikdə, Qida Təhlükəsizliyi Agentliyi İctimai Şura ilə mükəmməl işləyə bilmir. Orada təmsil olunanlar əsasən biznes qurumları və bəzi QHT nümayəndələri idi.”

O, qida təhlükəsizliyi sahəsində ictimai nəzarətin çox aşağı səviyyədə olduğunu vurğulayıb:

“Çox təəssüf ki, qidanın təhlükəsizliyinə nəzarət edən QHT-lərin sayı çox azdır. İctimai nəzarət bu sahədə çox aşağı səviyyədədir. Hər gün vətəndaşlara Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar telefon xəttini təqdim edirəm ki, müraciət etsinlər.”

Eyyub Hüseynov əlavə edib ki, Azad İstehlakçılar Birliyi yeni layihə üzərində işləyir:

“Layihəmiz QHT Agentliyi tərəfindən təsdiqlənərsə, təhlükəsiz qidanın təmin olunması və ailə təsərrüfatlarında qadınların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyik. Düşünürəm ki, bu da vəziyyətin yaxşılaşmasına təsir göstərəcək.”

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın səlahiyyət müddəti 5 aydır bit­sə də, qurum tərəfindən yeni İctimai Şuranın formalaşdırılması ilə bağlı hələ addım atılmayıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 

Pərvanə Fərhadqızı

QHT.az