“Əczaçılığın inkişafı peşəkar milli kadrların hazırlanmasından keçir: Gənc əczaçılar həm ölkə daxilində, həm də xaricdə təhsil almağa üstünlük verməlidirlər. Onlar magistr pilləsini xarici ölkələrdə davam etdirib daha geniş elmi və praktik biliklərə yiyələnərək Vətənə dönməli və bu bilikləri Azərbaycanda tətbiq etməlidirlər. Əczaçı kadrların sayının artması, onların praktiki fəaliyyətə yaxından cəlb olunması əczaçılıq sahəsinin inkişafına ciddi töhfə verəcək.”

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, apteklərin sayı kifayət qədər çox olsa da, ixtisaslı əczaçıların çatışmazlığı hiss olunur. Buna görə də Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsində milli kadrların hazırlanması daha da genişləndirilməlidir.

Sədr həmçinin icbari tibbi sığortanın tətbiqinə də toxunub:

“2026-cı ilin yanvarından etibarən dərman preparatlarının icbari tibbi sığorta vasitəsilə təminatı nəzərdə tutulur. Bu, aztəminatlı ailələrin dərmanlara əlçatanlığını artıracaq və səhiyyə sistemində əczaçılığın rolunu daha da gücləndirəcək.”

İlqar Hüseynli vurğulayıb ki, əczaçılıq sahəsinə yalnız dərman satışına yönəlmiş biznes maraqları prizmasından deyil, səhiyyə sisteminin aparıcı və strateji sahəsi kimi yanaşmaq vacibdir.

 

Pərvanə Fərhadqızı