Uzun illərdir ağciyər xəstəliklərinin dəstəkləyici müalicəsində istifadə olunan D vitamini əlavələrinin gözlənilən effekti hər zaman əldə olunmaya bilər. Alimlər D vitamininin ağızdan deyil, birbaşa inhalyasiya yolu ilə qəbul edilməsinin KOAH, astma və kistik fibroz kimi xroniki ağciyər xəstəliklərində daha təsirli ola biləcəyini göstərən yeni elmi dəlillər açıqlayıblar.
KOAH, astma və kistik fibroz dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə mənfi təsir göstərir. D vitamini çatışmazlığının immun sistemini zəiflətməsi, infeksiya riskini artırması və ağciyər funksiyasını pisləşdirməsi uzun müddətdir məlum olduğundan, bu vitamin bir çox ölkədə dəstəkləyici müalicənin tərkib hissəsi kimi istifadə edilir.
Lakin son araşdırmalar göstərir ki, ağciyər sağlamlığını yaxşılaşdırmaq üçün yalnız ağızdan qəbul edilən D vitamini kifayət etməyə bilər. Mütəxəssislər bunun səbəbini vitaminin orqanizmdə keçdiyi metabolik proseslə əlaqələndirirlər.
Belə ki, D vitamini ağızdan qəbul edildikdə qan dövranına daxil olmamışdan əvvəl qaraciyərdə emal olunur. Tədqiqatçılar hesab edirlər ki, bu proses zamanı ağciyər damarlarında fəaliyyət göstərən bəzi fermentlər vitaminin təsirini azaldaraq onun tənəffüs yollarına effektiv şəkildə çatmasına mane ola bilər.
Bu səbəbdən alimlər D vitamininin inhalyasiya yolu ilə birbaşa ağciyərlərə çatdırılmasının daha perspektivli müalicə üsulu ola biləcəyini bildirirlər. Heyvanlar üzərində aparılan sınaqlarda inhalyasiya şəklində tətbiq edilən D vitamininin ağciyərləri hava çirkliliyi, zərərli hissəciklər və yoluxucu agentlərin təsirindən daha yaxşı qoruduğu müşahidə edilib.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu nəticələrin insanlar üçün də keçərli olub-olmadığını müəyyənləşdirmək məqsədilə genişmiqyaslı klinik tədqiqatların aparılması zəruridir. Hazırkı mərhələdə inhalyasiya yolu ilə D vitamini müalicəsi standart tibbi praktikaya daxil edilməyib və əlavə araşdırmalara ehtiyac var.












