Çinli tədqiqatçıların 10 il davam edən araşdırması göstərib ki, gün ərzində uzun müddət oturmaq ürək-damar sağlamlığı üçün ciddi risk yarada bilər. Araşdırmaya görə, gündə 6 saatdan çox oturmaq sağlamlığa mənfi təsir göstərir, 8 saatdan artıq oturan şəxslərdə isə xolesterin səviyyəsi yüksəlir və ürək-damar xəstəlikləri riski 125–150 faiz artır.
QHT.az xarici mediaya istinadən bildirir ki, 41 mindən çox çinli yetkinin iştirak etdiyi araşdırmada sağlamlıq baxımından ən aşağı riskin gündə orta hesabla 4 saat oturan şəxslərdə müşahidə olunduğu müəyyən edilib. Tədqiqat nəticələrinə əsasən, gündə 2 saatdan az və ya 6 saatdan çox oturmaq müxtəlif sağlamlıq problemləri və ölüm riskinin artması ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, oturma müddətinin təsiri insanların həyat tərzi və fiziki aktivlik səviyyəsindən asılı olaraq dəyişə bilər. Fiziki cəhətdən aktiv insanlar üçün müəyyən qədər oturmaq əzələ və skelet sisteminin bərpasına kömək edə bilər. Lakin uzun müddət hərəkətsiz qalmaq, xüsusilə də fiziki aktivlik olmadıqda, sağlamlıq üçün təhlükəlidir.
Araşdırma əvvəlki elmi nəticələri də təsdiqləyir. Gündə 8 saat və ya daha çox hərəkətsiz qalan insanlarda bədən kütlə indeksi artır, xolesterin səviyyəsi yüksəlir və piylənmə riski çoxalır. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət siqaret çəkmənin yaratdığı risklərə yaxın səviyyədə erkən ölüm ehtimalını yüksəldə bilər.
İdman təbabəti üzrə mütəxəssis Kalli Devis bildirib ki, araşdırmalar gündə 6–8 saatdan artıq oturmağın ürək-damar xəstəlikləri riskini 125–150 faiz artırdığını göstərir.
Tədqiqat həmçinin göstərib ki, gündəlik cəmi 30 dəqiqəlik fiziki aktivlik belə mühüm fayda verir. Gün ərzində oturma və ya istirahət vaxtının 30 dəqiqəsini hərəkətlə əvəz edən şəxslərdə ölüm riski 4–6 faiz azalır. Alimlər vurğulayırlar ki, uzunmüddətli oturma müddətinin azaldılması və fiziki aktivliyin artırılması sağlamlığın qorunması üçün ən effektiv tədbirlərdən biridir.












