Valideynlər arasında ən çox verilən suallardan biri “Uşağıma tərəvəz yedizdirə bilmirəm, nə edim?” olur. Mütəxəssislər isə bildirirlər ki, uşaqlarda sağlam qidalanma vərdişlərini formalaşdırmaq üçün sadə, lakin təsirli üsullar mövcuddur.

QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmalara görə, uşaqların meyvə və tərəvəzlə zəngin qidalanması onların zehni inkişafına, diqqətinə, davranışına və məktəb nailiyyətlərinə müsbət təsir göstərir.

Mütəxəssislərin tövsiyə etdiyi altı üsul bunlardır:

1. Tərəvəzləri mütəmadi təqdim edin

Mütəxəssislər hesab edirlər ki, uşaqlar yeni bir qidanı qəbul etməzdən əvvəl onu bir neçə dəfə görməli və dadmalıdırlar. Erkən yaşlarda müxtəlif tərəvəzlərin mütəmadi təqdim edilməsi onların bu qidalara alışmasını asanlaşdırır. Xüsusilə məktəbəqədər dövr bu baxımdan ən əlverişli mərhələ hesab olunur.

2. Yeməyə tərəvəzdən başlayın

Uşaqlar ən ac olduqları vaxt yeməyin əvvəlidir. Buna görə də tərəvəzləri əsas yeməkdən öncə təqdim etmək onların qəbul olunma ehtimalını artırır. Mütəxəssislər tərəvəzin “sağlamdır” deyə deyil, təbii şəkildə süfrəyə çıxarılmasını daha məqsədəuyğun hesab edirlər.

3. Tərəvəzin porsiyasını artırın

Yeməkdə yüksək kalorili məhsulların miqdarını azaldıb tərəvəzin payını artırmaq faydalı nəticə verir. Həmçinin kök, balqabaq kimi tərəvəzləri souslara və digər yeməklərə əlavə etmək uşaqların daha çox tərəvəz qəbul etməsinə kömək edə bilər.

4. Tərəvəzin təqdimatını dəyişin

Yeməyin görünüşü uşaqların seçimlərinə ciddi təsir göstərir. Tərəvəzlərin fərqli formalarda hazırlanması və cəlbedici şəkildə təqdim olunması onların marağını artıra bilər.

5. Birlikdə süfrə arxasında əyləşin

Valideynlərin qidalanma vərdişləri uşaqlar üçün nümunə rolunu oynayır. Araşdırmalar göstərir ki, ailə üzvlərinin birlikdə yemək yeməsi uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşmasına və meyvə-tərəvəzə marağın artmasına kömək edir.

6. Uşağı məcbur etməyin

Mütəxəssislər uşaqları müəyyən qidaları yeməyə məcbur etməyin əks nəticə verə biləcəyini bildirirlər. Həmçinin tərəvəz yeməyin qarşılığında şirniyyat kimi mükafatlar vermək sağlam olmayan qidalara marağı daha da artırır. Bunun əvəzinə yemək prosesini maraqlı və əyləncəli etmək daha səmərəli hesab olunur.