"Azərbaycan Prezidenti İlham Əliyev, son illərdə dəfələrlə Azərbaycan dilinin qorunması və inkişafı məsələsini gündəmə gətirib. O, Azərbaycan dilinin dövlət dili kimi mövqeyini gücləndirmək, onu bütün sahələrdə daha da geniş yaymaq və inkişaf etdirmək üçün bir sıra tədbirlər görməyin vacibliyini vurğulayıb. Prezidentin dedikləri əsasən dilin dövlətin ideoloji və mədəni əsaslarından biri olduğu və hər bir vətəndaşın bu məsələdə öz məsuliyyətini dərk etməsinin lazım olduğu fikri üzərində cəmləşir".

Bunu QHT.az-a “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan dili yalnız məktəblərdə, media orqanlarında və dövlət strukturlarında deyil, həm də gündəlik həyatın hər sahəsində istifadə edilməlidir. Prezidentin bu sahədəki çağırışları, xüsusilə dilin tədrisində, mədəniyyətində və dil siyasətinin effektivliyində vətəndaş cəmiyyətinin də aktiv rol oynayacağını nəzərdə tutur. Bəs, vətəndaş cəmiyyəti bu çağırışları necə yerinə yetirməlidir?

"Vətəndaş cəmiyyəti, xüsusilə qeyri-hökumət təşkilatları, mütəxəssislər və ziyalılar, Azərbaycanın müxtəlif regionlarında, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində dilin tədrisini yaxşılaşdırmaq üçün layihələr həyata keçirə bilər. Həmçinin, müxtəlif tədris vasitələrinin, kitabların və resursların mövcudluğunu artıraraq Azərbaycan dilinin istifadə sahəsini genişləndirmək mümkündür. Məsələn, məktəblərdə dilin düzgün və səlis öyrənilməsi üçün metodik vəsaitlər, dərsliklər, əlavə kurslar təşkil edilə bilər".

QHT sədri həmçinin bildirib ki, Vətəndaş cəmiyyəti, xüsusilə mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar, Azərbaycan dilinin daha çox istifadə olunması üçün müxtəlif tədbirlər, konfranslar, sərgilər və seminarlar təşkil edə bilər. Həmçinin, media və televiziya vasitəsilə Azərbaycan dilinin gözəl və səlis istifadəsini təşviq etmək vacibdir. Dilin incəliklərinə dair yayımlar, filmlər və müasir mədəniyyətin digər sahələrində Azərbaycan dilinin rolunu artırmaq da önəmlidir:

"Əgər Azərbaycan dili yeni texnologiyalar və internetin inkişafı ilə paralel inkişaf etməsə, onun mövqeyi zəifləyə bilər. Vətəndaş cəmiyyəti, xüsusilə texnologiya və proqramlaşdırma sahəsində fəaliyyət göstərənlər, Azərbaycan dilini dəstəkləyən tətbiqlər, proqramlar, vebsaytlar və müxtəlif platformalar yaratmalıdır. Azərbaycan dilində tətbiqlərin artması, gənc nəsil arasında bu dilin daha çox istifadə edilməsinə səbəb olar.

Azərbaycanda mətbuat və media orqanları, dilin düzgün və təmiz istifadə edilməsinə xüsusi diqqət yetirməlidir. Media orqanlarında, xüsusən də televiziya və radio proqramlarında, Azərbaycan dilinin yüksək səviyyədə istifadə olunması, müasir dövrün tələb etdiyi məsələlərə uyğun olaraq, dilin zənginləşdirilməsi və inkişafı istiqamətində çalışmalıdır. Vətəndaş cəmiyyəti bu məsələdə jurnalistləri, yazıçılara və digər yaradıcı şəxsləri maarifləndirməlidir".

Elmira Mehdiyevanın sözlərinə görə, vətəndaş cəmiyyəti Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı maarifləndirmə kampaniyaları təşkil edə mbilər. Həm gəncləri, həm də yaşlıları bu mövzuda məlumatlandırmaq, onlara dilin əhəmiyyətini anlatmaq lazımdır. Xüsusilə, dilin düzgün istifadə olunması, qrammatika və üslub qaydalarının öyrədilməsi vacibdir. Hər bir fərd öz dilinin inkişafında fəal iştirak etməli, dilin zənginliyinə, onun gələcəyinə məsuliyyətlə yanaşmalıdır:

"Vətəndaş cəmiyyəti, eyni zamanda dövlətlə birlikdə Azərbaycan dilinin hüquqi qorunmasını təmin etməli və dilin dövlət orqanlarında, məktəblərdə, universitetlərdə və bütün rəsmi strukturlarda istifadə edilməsi üçün qanunvericilik təşəbbüslərini dəstəkləməlidir. Vətəndaş cəmiyyəti həmçinin qanunların düzgün tətbiqini təmin etmək və buna nəzarət etmək məsələsində də aktiv rol oynamalıdır.

Vətəndaş cəmiyyəti, ədəbiyyat və yaradıcılıq sahəsində fəaliyyət göstərən şəxsləri dəstəkləyərək Azərbaycan dilində əsərlərin yazılmasına və yayımlanmasına şərait yaratmalıdır. ədəbiyyat, poeziya, müasir proza və digər sənət növlərində Azərbaycan dilinin təşviq olunması, onun əhəmiyyətini gücləndirəcək".

QHT sədri həmçinin bildirib ki, Azərbaycan dili, bir millətin kimliyinin, mədəniyyətinin və varlığının əsas elementlərindən biridir. Prezidentin bu sahədəki çağırışlarını vətəndaş cəmiyyəti yalnız dilin qorunması üçün deyil, eyni zamanda onun inkişafı, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması üçün həmrəy şəkildə yerinə yetirməlidir. Bu, həm milli birliyin, həm də Azərbaycanın gələcək uğurlarının təminatıdır.